«Eurovision - 2009» mahnı müsabiqəsindən imtina edən Gürcüstan alternativ müsabiqə keçirmək qərarına gəlib. «İnterfaks» agentliyinin məlumatına görə, tədbirdə 15 ölkədən 22 ifaçının çıxışı gözlənilir.
Artıq 12 ölkənin, o cümlədən Rusiyanın nümayəndəsi müsabiqədə iştirak etmək niyyətini açıqlayıb. Tiflisdəki ippodromda baş tutacaq musiqi şousu Moskvadakı «Eurovision - 2009» müsabiqəsi ilə eyni vaxtda - mayın 9-dan 16-na kimi keçiriləcək. Konsertlərə giriş pulsuz olacaq.
Gürcü tərəfi bildirir ki, alternativ «Eurovision» və ya onların özlərinin adlandırdığı «Alternavision» «We Don"t Wanna Put In» mahnısı ətrafında yaranan qalmaqala görə əsas müsabiqədə iştirak etməkdən imtina edən «Stefane i 3G» qrupu ilə həmrəylik konserti kimi keçirilir. Xatırladaq ki, gürcü qrupunun ifa etməyə hazırlaşdığı mahnıda Rusiyanın baş naziri Vladimir Putinə işarə vurulur. Gürcü qızları dolayısı ilə «Biz Putini istəmirik» deyirlər. «Eurovision» təşkilatçıları gürcülərdən mahnının mətnini dəyişməyi tələb ediblər. «Stefane i 3G» isə müsabiqədə iştirakdan imtina etməyi üstün tutub.