Aprelin 21-də İnternetdə www.wdl.org ünvanında Dünya Rəqəmsal Kitabxanası (World Digital Library) fəaliyyətə başlayıb. Dünyanın müxtəlif xalqlarının mədəni irsinin və nailiyyətlərinin təqdim olunduğu layihə bir çox sponsorlar, o cümlədən «Google» və «Microsoft» tərəfindən maliyyələşdirilib. «World Digital Library»nin formalaşdırılması ilə dünyanın 19 ölkəsindən olan təşkilatlar iştirak ediblər.
   Kitabxana 7 dildə (ingilis, fransız, ərəb, Çin, rus, portuqal və ispan) işləyir. Amma virtual eksponatlar dünyanın 40 dilində təqdim olunub.
   Layihənin ilk mərhələsi üçün 1200 sənəd, o cümlədən əlyazma və çap kitabları, jurnallar, fotolar, audioyazılar və köhnə kinoxronikalar rəqəmsal formaya salınıb. Sənədləri səhifələyərək baxmaq olar, şəkilləri böyütmək və kiçiltmək mümkündür. Bəzi obyektlər PDf və TİFF formatında götürülə bilər.
   Dünya Rəqəmsal Kitabxanasının əsas məqsədi biliyin səviyyəsinin artırılmasıdır. Layihə müəllifləri bildirirlər ki, o, müxtəlif ölkələrin mədəniyyət resurslarına girişi genişləndirəcək.