Məşhur Hollivud aktyoru Adam Sendler müasir kino sənayesinin ən dəyərli komiki sayılıb. Bunu «Forbes» jurnalının hələ 2008-ci ilin payızından başlayaraq apardığı tədqiqat göstərib. Professional kinematoqraflara xüsusi sxem üzrə 1,5 min namizədi qiymətləndirmək təklif olunub. Bu sxem aktyorların kino layihəsinə qoyulacaq vəsaitin səviyyəsinə təsirini, eləcə də onların iştirak etdiyi filmlərin gəlirini nəzərdə tutub. Nəticədə 42 yaşlı Sendler 10 mümkün baldan 9,61 bal toplayıb. İkinci yeri Uill Ferrel, üçüncü yeri isə Ben Stiller tutub. Vaxtilə dünyanın ən bahalı komediantı sayılan Cim Kerri isə reytinqdə dördüncü yerlə kifayətlənməli olub.
İlk onluğa Stiv Karrel, Eddi Merfi, Saşa Baron Koen də düşüb. Onluğu Robin Uilyams qapayır. Xatırladaq ki, 2008-ci ildə Sendlerin iştirakı ilə ekranlara iki film çıxıb: «Gecə vaxtı nağıllar» və «Zoxanla zarafat etməyin». Onun sonuncu filmi İsrail xüsusi xidmət orqanlarının keçmiş əməkdaşının saç dəlləyi olmaq üçün Nyu-Yorka getməsindən bəhs edir. Bu film bir sıra ərəb ölkələrində, o cümlədən Misir, Liviya və Birləşmiş Ərəb Əmirliklərində qadağan edilib. Buna baxmayaraq, film dünyada 200 milyon dollar toplayıb. Adam Sendler hazırda «Ulduz olmaq üçün doğulan» komediyası ilə məşğuldur.