Bu il Kann Kinofestivalı məşhur «Pixar» studiyasının istehsalı olan cizgi filmi ilə açılacaq. Cizgi filminin baş qəhrəmanı - 78 yaşlı kişi öz evinə hava şarlarını bərkidərək Cənubi Amerikaya səyahətə yola düşmək qərarına gəlir.
   «Up» («Yuxarı») cizgi filmi Avropanın ən nüfuzlu festivalını açmaq hüququ qazanan ilk «3D» əsər olacaq. Amma münsiflər heyəti «Up»un mükafatlar uğrunda mübarizə aparıb-aparmayacağı ilə bağlı yekun qərar qəbul etməyib.
   Xatırladaq ki, 62-ci Kann festivalı mayın 13-dən 24-nə kimi davam edəcək. Münsiflər heyətinə məşhur fransız aktrisası İzabel Yupper başçılıq edir.
   İkinci Dünya müharibəsi ərəfəsində təşkil edilən, faşizm ideologiyası və mədəniyyətinin yayılmasının qarşısını almaq məqsədi güdən Kann Kinofestivalı dünya kinematoqrafiyasında ən əhəmiyyətli hadisələrdən biri sayılır. Festivalın ən vacib cizgilərindən biri onun ayrı-ayrı şəxslərdən və şirkətlərdən maliyyə asılılığının olmamasıdır. Bu da öz növbəsində münsiflər heyətinin tərəfsiz, müstəqil, heç bir təzyiq olmadan qərar çıxarmasına əsas yaradır. Festivalın hazırda 20 milyon avroya çatan büdcəsi bütünlüklə Fransa hökuməti tərəfindən dövlət büdcəsindən ödənilir.