Ceki Çan yüzüncü kino layihəsi üzərində işlədiyini bəyan edib. «Associated Press» agentliyinin məlumatına görə, 55 yaşlı honq-konqlu aktyor rejissor Stenli Tonqla bir yerdə «Çin Zodiakı» adlı film çəkəcək. Hələlik filmin məzmunu açıqlanmır. Onun Çində, Avstriya və Fransada çəkiləcəyi ilə bağlı məlumat verilib. Bu, Çan və Tonqun üçüncü birgə filmi olacaq. Ceki Çan 1995-ci ildə Tonqun «Bronksda qarışıqlıq» və 2005-ci ildə «Mif» filmlərində çəkilib. Xatırladaq ki, aktyorun yaxın planları arasında Hollivudda çəkiləcək «Kiçik karateçi» filminin remeykində oynamaq da var. Cekiyə bu filmdə baş qəhrəmanın müəllimi rolu təklif edilib. Qeyd edək ki, Ceki Çan aprelin ortalarında qalmaqal yaradıb. O, Çinin cənubunda keçirilən biznes-konfranslardan birində çıxışı zamanı Çin xalqı üçün azadlığı zərərli hesab etdiyini vurğulayıb. Çünki «sərt nəzarət olmayanda çinlilər ağıllarına gələni etməyə başlayırlar». O, çinli gənclərin Qərb dəyərlərini mənimsəmək cəhdlərindən təəssüfləndiyini də bəyan edib. Məşhurluğunu və varidatının böyük hissəsini məhz Hollivud filmlərində oynamaqla qazanan Ceki aktyor yoldaşları tərəfindən tənqid edilib. Amma aktyor bəyan edib ki, onun sözlərini düzgün tərcümə etməyiblər.