XVIII əsrdə Çin sülaləsinin imperatorları üçün ağ nefritdən hazırlanan möhür Fransanın «Beaussant-Lefevre» evinin auksionunda 2,2 milyon dollara satılıb. «France Presse» agentliyinin məlumatına görə, möhürü çinli alıb. O, adının çəkilməsini istəməsə də, Fransada olan kolleksiyaçının maraqları çərçivəsində möhürü aldığını vurğulayıb. Ekspertlər alqı-satqıdan öncə möhürün qiymətinin 395-525 min dollar arası olacağını güman edirlərmiş.
   Alqı-satqı böyük marağa səbəb olub. Çünki ticarət baş tutmamışdan az öncə Pekindəki Yuanminyuan müzeyinin (Çin imperatorlarının Qədim Yay Sarayı) rəhbərliyi bəyan edib ki, möhür 1860-cı ildə fransız zabiti tərəfindən oğurlanıb. Çinlilər onlara məxsus qədim əşyanın geri qaytarılmasını tələb edirlər. Çin hökuməti isə muzey əməkdaşlarının tələbini şərh etməyib.
   Möhür general Eli Jan de Vassuanın varisləri tərəfindən alqı-satqıya çıxarılıb. General 1860-cı ildə Çində döyüşən fransız bölmələrindən birinə rəhbərlik edirmiş. Amma auksion iştirakçıları iddia edirlər ki, o zaman de Vassuan Pekində olmayıb, avropalılar isə Yuanminyuanı yandırıblar. Guya ki, bu faktları nəzərə alaraq generalın həmin oğurluqda iştirak etdiyini söyləmək olmaz. Amma onlar möhürün generalın əlinə necə düşdüyünü də izah edə bilmirlər. Buna görə də auksionçular möhürü satmaq qərarını ləğv etməyiblər.