Paris - romantika şəhəri, həmçinin nağılvari gecə həyatı ilə fərqlənən şəhər. Bir az gözəllik, qlamur, şən hay-küy, macəra və bir az da dramatik. İnsana adrenalin və unudulmaz hisslər bəxş edən gecə klubları isə başqa bir aləmdir. Yollarda şütüyən limuzinlər, şəhərə səpələnmiş al-əlvan parıltılı zərləri xatırladan işıqlar və səs-küy burada gecələr də həyatın susmadığından xəbər verir.
   
   Əgər Paris nağılının 1-ci hissəsini əsrarəngiz gecə həyatı, unudulmaz hisslər dolu klublar təşkil edirsə, 2-ci hissə tamam başqa, daha əfsanəvi, daha romantik həyatı özündə birləşdirən Mulen Ruj xatirələriylə doludur. Hər gecə 2 dəfə Mulen Ruj bütün dünya tamaşaçılarını heyrətə gətirən “Feerie” revyüsünü təqdim edir: “Mulen Ruj bu gün və dünən, Mulen Ruj həmişə”, “Piratlar”, “Sirkdə”, “Mulen Ruj 1900-cü ildən...” və s. Burada “Feerie”ni ilk dəfə dünyaşöhrətli estrada teatrı rejissorları Doris Hoq və Rujero Anceletti səhnəyə qoymuşlar.
   Mulen Ruj təkcə “Feerie”lə xatırlanmır. Gözəl musiqili şou- kankan və kabareni, opera və balları, möhtəşəm musiqili tamaşaları yalnız burada seyr etmək olar...və ən yaxşı şampanı içmək istəyənlər də məhz elə bura gəlirlər. Yeri gəlmişkən onu da qeyd edək ki, 19-cu əsrdə, 1889-cu ildə yaranmış kabare bu il öz 120 illik yubileyini təntənəli şəkildə qeyd etdi.
   Baxmayaraq ki, 100 ildən çox zaman keçib, lakin Mulen Ruj gözəlliyi hələ də dəyişməz olaraq qalır: özünəməxsus cah-cəlallı dekorasiya, əsrarəngiz quruluş, heyranedici musiqi, lələkli, parıltılı daş-qaşlarla bəzənmiş kostyumlar, Mulen Ruj məktəbi, keçmiş artistlər. Mulen Ruj səhnəsində Moris Şevalye, Jan Qaben, Edit Piaf və İv Montan kimi əvəzolumaz məşhur fransız artistləri öz izlərini qoymuşlar. Bunlarla yanaşı, Layza Minelli, Ella Fitscerald, Frenk Sinatra, Elton Con və başqa sənətkarlar dünyanın müxtəlif bucaqlarından bura gəlib ifaları ilə adlarını həmin sənətkarların siyahısına yazdıra bilmişlər. Əvvəldə qeyd etdiyimiz kimi, artıq 120 ildir ki, əfsanəvi kabare zalı dünyada milyonlarla tamaşaçını toplayaraq insanlara yaddaşlardan silinməyəcək xoş istirahətlər, unudulmaz anlar bəxş edir. Bir də onu qeyd edək ki, Mulen Rujda xatirə şəkli çəkdirmək qadağandır. O yalnız insanların xatirələrində və əbədi olaraq ürəklərində öz əksini həkk edərək yaşayır.
   
   P.S. Tariflər: axşam 19:00; French Cancans&Revue “Feerie”-125 avro; Toulouse-Lautrec&Revue “Feerie”-135 avro; Belle Epoque&Revue “Feerie”- 155 avro
   
   Yeganə CANSAİL