Rusiyalı müğənni, «Eurovision-2008» mahnı müsabiqəsinin qalibi Dima Bilan bahalı ev alıb. «Komsomolskaya pravda»nın yazdığına görə, Moskvanın Rublyovka rayonundakı malikanə müğənniyə 1 milyon avroya başa gəlib.
   Müğənninin dostları bildiriblər ki, Bilan sonuncu qəpiyini də malikanənin alınmasına sərf edib və bununla iqtisadi böhran şəraitində pullarının qiymətdən düşməsinin qarşısını almağa çalışıb.
   «Komsomolskaya pravda» yazır ki, Dima Bilan bu il Rusiyanın ən uğurlu və yüksək qonorar alan qastrolçusu hesab edilib. Onun şou-biznes üzrə tərəfdaşlarının qonorarı xeyli düşsə də, Bilanın qiyməti qalxıb. Məsələn, müğənninin korporativ gecədə və ya kiçik konsertdə çıxışının ən ucuz qiyməti 50 min dollardır.
   İkimərtəbəli malikanənin ümumi sahəsi 400 kv. metrdir, onun 24 sot torpaq sahəsi var. Dostları onu da bildiriblər ki, Bilan evinin ərazisində hovuz, sauna və musiqi studiyası tikmək niyyətindədir. Müğənni özü də ev aldığı barədə məlumatı təsdiq edib: «Bu evi arzulayırdım, onun üçün bir neçə il çalışmışam. Hətta borca girmək də lazım gəldi. Amma mən peşman deyiləm. Buranın elə bir təbiəti var ki... Mən çox yoruluram. İşdən sonra dincəlməyə yerim olacaq».