Çəkisi 7,03 karat olan nadir mavi brilliant Cenevrədə «Sothebys» auksionunda 10,5 milyon İsveçrə frankına (9,49 milyon dollara) satılıb. «Reuters» agentliyinin məlumatına görə, brilliant Cənubi Afrika Respublikasının Kullinan mədənində tapılıb. Onun çəkisi cilalanmamışdan öncə 26,58 karat olub. «Bloomberg» agentliyi qeyd edir ki, mavi brilliant karata çevirdikdə yeni qiymət rekordu vurub. Onun hər karatına 1,35 milyon dollar verilib. Qeyd edək ki, bundan əvvəlki rekord 1 karat 1,33 milyon dollar təşkil edib. Həmin qiymət 2008-ci ildə müəyyən olunub. Platin üzüyün qaşında yerləşdirilən brilliantı əldə etmək üçün adları çəkilməyən iki şəxs mübarizə aparıb. Onlar telefon vasitəsilə alqı-satqıya qoşulublar. Brilliantın yeni sahibi hələ də adı olmayan qiymətli daşa ad seçmək hüququ qazanıb. Mavi brilliantlar qırmızıdan sonra ən nadir brilliant sayılır. Onların arasında ən bahalısı 35,56 karat olan «Vittelsbax»dır. Həmin daş 2008-ci ildə 24 milyon dollara satılıb.