Dünya ekranının sevilən aktrisalarından sayılan Cina Lollabricida tərcümeyi-halını belə adlandırıb: «Mənim qəribə macəram». Onun həyatı həqiqətən də «qəribədir». Təkcə onun yox. Kino ulduzlarının əksəriyyəti Cina kimi gözlənilmədən Zoluşkadan dönüb şahzadə olublar. Yalnız istedad və bacarığına görə yox. Xoşbəxt təsadüf və şərait onların taleyində həlledici rol oynayıb. Lollabricidanın uğurlu işi istedadı ilə sıx əlaqədar olub.
   
   Cina öz bioqrafiyasını bu sonluqla bitirib. «Bəxti gətirməyən rəssam, adi statistika və manekençi, axırda kinoulduz».
   «Çörək, məhəbbət və fantaziya» kinolentini görənlər filmin balaca qəhrəmanı şən, dəcəl və gözəl Mariyanın məzəli əhvalatını yəqin xatırlayırlar. Cina bu filmi çəkildiyi digər filmlərdən daha çox sevdiyini etiraf edir. Ona görə ki, qəhrəmanın taleyi onun şəxsi taleyi ilə oxşardır.
   Həyatın bir çox sınaqlarından çıxan Mariyaya axırda xoşbəxt məhəbbət nəsib olur. Eləcə də Lollabricidanın qismətinə sonda xoşbəxt günlər düşüb. Əlbəttə, aktrisa əvvəlki çətin və məşəqqətli günlərini heç zaman unutmur. Amma «Çörək, məhəbbət və fantaziya» filminin rejissor yozumu həmin ağır və səfalətli günlər haqqında tamaşaçılara ciddi danışmağa imkan verməyib. Lollabricida isə yüngül, zərif komediyanın gözəl kadrları arxasından tamaşaçıdan fərqli olaraq, həmin filmdə daha böyük hadisələri görürdü. Mariya kimi aktrisanın da ailəsi müharibənin dəhşətlərindən qorunmaq üçün dağın ətəyindəki kasıb daxmada məskunlaşmışdı. Ehtiyac içərisində yaşayan Cina o günlərdə həsirdən sandal toxumağı və əsgər köynəklərindən qadın geyimləri tikməyi öyrənmişdi.
   Cina Lollabricida 1927-ci il iyulun 4-də İtaliyanın Subisko kəndində doğulub. Əvvəlcə vokal kursunda, sonra isə teatr məktəbində təhsil alıb. 1945-ci ildə gələcək aktrisa ailəsi ilə bərabər paytaxt Romanın köhnə məhlələrindən birində birotaqlı mənzilə köçürlər. Köçkün həyatı yaşayan ailə çətinliklərlə üzləşir. Nəhayət, Cinanın iki bacısı universal mağazada işə düzəlir. Özü isə gözlənilmədən rəssamlığa başlayır. Onun çəkdiyi karikaturalar əldən-ələ gəzir. Lakin gənc qızın arzusu tamam başqa idi. O, həm yuxuda, həm də ayıq vaxtı opera səhnəsini göz önünə gətirirdi. İmkan daxilində qazandığı pulun bir hissəsini vokal dərslərinə ödəyirdi. Qonşular çox vaxt axşam saatlarında Cinanın səsini eşidərdilər. O, müəllimin tapşırdığı ariya və romanslardan sonra şən, ehtiraslı xalq mahnılarını şövqlə oxuyardı. Mahnı qurtarandan sonra isə küçədən tərifdolu şüarlar və alqışlar eşidilərdi. Bu, Cinanın ilk pərəstişkarları idi. Onlar sayca çox deyildilər. Əsasən Romanın köhnə, dar küçələrinin sakinləri idilər.
   1947-ci ildə Lollabricida ilk uğurunu qazanır. Amma kinoda və operada deyil, o zaman Romada keçirilən gözəllik müsabiqəsində ikinci yeri tutur, ardınca «İtaliya gözəli» yarışmasında da iştirak etmək hüququnu əldə edir. Elə o vaxtdan Cina kinobosların nəzər-diqqətini cəlb edir. Sonra isə bir-birinin ardınca dəvət və kontraktlar axını başlayır. Lakin Lollabricidanın sonralar qazanacağı uğurlara o səbəb olur ki, aktrisa onu boslardan asılı vəziyyətə salacaq kontraktları imzalamaqdan vaz keçirdi. Dostlarının kömək və məsləhəti ilə o, özündə güc taparaq, aldadıcı təkliflərdən imtina edir. Hollivud prodüseri Qyügelin təklif etdiyi kontraktda bütün şərtlər göstərilirdi: - xəstəlik, şikəstlik, idman məşğələsi, müharibə və hətta... inqilabın baş verməsi də.
   - Bəs mən hansı rolları oynamalı olacağam, - deyə, Cina soruşdu.
   - O barədə narahat olmaya bilərsiz. Bunun qayğısını biz çəkəcəyik.
   - Əgər rol xoşuma gəlməsə, ondan imtina edə bilərəmmi?
   - Əlbəttə yox. Siz artıq şirkətin mülkiyyəti olacaqsız!
   Bu söhbətdən sonra Cina kontraktı imzalamır.
   Lollabricidanın ilk böyük rolu «Təhlükə: quldurlar!» (1951, rej. K.Lidzani) filmində olur. Sonra o, 1951-52-ci illərdə müxtəlifjanrlı filmlərə çəkilir.
   İtaliya rejissorları A.Blazetti, M.Kamerini, M.Soldati, P.Cermi, habelə fransız rejissorları Kritian Jakın «Faefan zanbaq» və Rene Klerin «Gecə gözəlləri» ekran əsərlərində Cina həm şux, gözəl oyunu, həm də füsunkar və effektli xarici görünüşü sayəsində tamaşaçı rəğbətini qazanır. Lollabricida böyük istedada malik olmasını sadə italyan qadınlarının obrazlarını yaratmaqla daha parlaq şəkildə sübut edib: «Əyalət qadını» (1953, rej. M.Soldati), «Romalı qız» (1954, rej.L.Dzampa), həmçinin populyar komediyalar - «Çörək, məhəbbət və fantaziya» (1953) və «Çörək, məhəbbət və qısqanclıq» (1954) -(rejissor L.Komeçi) kinofilmlərini göstərmək olar.
   Adıçəkilən filmlər aktrisanı 50-ci illərin Qərb kinosunun ən parlaq «ulduz»u səviyyəsinə qaldırmışdı.
   Lollabricidadan müsahibə alan bir jurnalist ondan dünya şöhrəti və populyarlıq qazandıqdan sonra hansı hissləri keçirdiyini soruşmuşdu: «Hər şeydən əvvəl böyük məsuliyyət hissini. Axı hər sonrakı rol əvvəlkindən daha yaxşı olmalıdır. Amma standart ssenariləri nəzərə alsaq, bu, çox çətindir… Mən istərdim ki, bahalı döyüş filmlərində yox, qoy az tanınmış rejissorun filmi olsun, ancaq o, ekrandan təzə, həqiqi söz deməyi bacarsın. Təəssüf ki, həyatda həmişə biz istədiyimiz kimi olmur». Misal üçün, «Paris Notrdam kilsəsi» filmini götürsək, orada dahi Hüqonun romanının sosial səsi hər vasitə ilə susdurulmasına baxmayaraq, Cina gözəl ifası ilə özünün Esmiraldasına həqiqəti və həyat eşqini aşılaya bilib. O, bunu çox asan və təbii edib, sanki həyat özü, bu yüngülxasiyyətli küçə qızını xalq hərəkatının simvoluna çevirib.
   Cina Lollabricida çəkildiyi filmlərə görə o zaman dünyada ən yüksək qonorar alırdı. 400-dən artıq jurnal onun şəklini üz qabığında çap edirdi. Onların sırasında ABŞ-ın nüfuzlu «Tayms» jurnalını da göstərmək olar. Qeyd edək ki, həmin jurnal Avropa məşhurlarından yalnız Roma papası XII Piyə belə maraq göstərmişdi.
   Demək lazımdır ki, aktyor şöhrəti, populyarlığı çox şıltaq və daimi olmur. Lollabricida 60-70-ci illərdə müəyyən səbəblərdən, əsasən xarici ölkələrdə əyləncəli filmlərdə çəkilməyə başlayır: «Enriko Karuzo», «Sadiq olmayanlar», «Böyük oyun», «Paris Notrdam kilsəsi» (Fransa), «Dünyanın ən gözəl qadını», «Trapesiya» (ABŞ), «Təlatümlü dəniz», «Əla noyabr», «Venera imperiyası» (Almaniya) və sairə.
   Yeri gəlmişkən, xatırladaq ki, Cina Lollabricida Fransa kinematoqrafiyasında göstərdiyi xidmətlərə görə, ölkə prezidenti Fransua Mitteran tərəfindən Fəxri Legion ordeni ilə təltif olunub.
   1972-ci ildə məşhur aktrisa ampluasını genişləndirərək, «Filippinlilər» filminin şərikli rejissoru, prodüseri, ssenari müəllifi olmaqla bərabər, baş rolun ifaçısı kimi də çıxış edir. 1976-cı ildə isə o, Kuba haqqında sənədli filmin rejissoru olub. Bundan əlavə, Cina Lollabricida peşəkar fotoqrafiya ilə də məşğul olub. O, dəfələrlə İtaliyada və xarici ölkələrdə fərdi sərgilərini nümayiş etdirib. 2003-cü ilin yazında Moskvada böyük müvəffəqiyyətlə onun foto işlərinin sərgisi keçirilmişdi.
   Mətbuat konfransında gözəl sinyora Cina jurnalistlərlə görüşərək, onları maraqlandıran sualları cavanlandırmışdı. Onun cavablarını mahiyyətcə kiçik miniatür monoloq kimi qiymətləndirmək olar. Aktrisanın söylədiklərində onun iti, canlı ağlı, tükənməyən həyatsevərliyi, gözəl müşahidə qabiliyyətini və yüngül ironiyanı duymaq olar.
   
   Sənət haqqında
   
   - Mənim kinoya gəlməyim ona görə oldu ki, kino özü məni axtarırdı, mən onu yox. Tale özü həyat yolumda peşə seçimimi həll edib. Necə bilirsiz, deyəsən, pis alınmayıb. Kino - incəsənətin çox mürəkkəb növüdür. Aktyorluq bacarığını göstərmək üçün çətin arenadır. Sən ssenari müəllifindən, rejissordan, prodüserdən və montajdan asılı olursan. Bu qədər məxluqdan müdafiə olunmaq müşkül məsələdir. Mən həyatım boyu müdafiə olunmuşam. Bəzən hətta dırnaqlarımla.
   
   Cavan qalmağın sirri haqqında
   
   - İllər ötdükcə insan yaşa dolur və təəssüf ki, bu, özünü hər an göstərir. Lakin deməliyəm ki, əgər insan həyatı sevirsə, əgər onun müxtəlif maraq dairəsi və sevdiyi peşəsi varsa, o, heç vaxt qocalmaz. Mən kinonun vurğunuyam. Ondan əlavə rəngkarlıqla, heykəltəraşlıqla, fotoqrafiya ilə, bəzən də mahnı oxumaqla məşğul oluram. Mənim çox gözəl mənzilim və bağım var. Orada yeddi yüzə yaxın quş saxlayıram. Bir sözlə, darıxmağa vaxtım olmur. Mənim həyatım hər gün böyük və kiçik hadisələrlə zəngin olur. İnsan gərək pis fikirlərdən və emosiyalardan uzaq olsun. Xeyirxah, işıqlı və yaxşı əməllər barədə düşünsün. Yalnız belə halda insan özünə və başqalarına kömək edə bilər.
   
   Populyarlıq haqqında
   
   - Çox ölkələrdə olmuşam, hətta dünyanın ən ucqar yerlərini də görmüşəm. İllərin bir-birini əvəz etməsinə baxmayaraq, populyar qalmağıma təəccüblənirəm. Misal üçün, Çində olarkən, küçədə məni rahat addım atmağa qoymurdular. Cənubi Afrikada mehmanxanada qaldığım zaman çarpayımın altında bir fotoqrafın gizləndiyini gördüm. Nyu-Yorkda və Moskvada taksi sürücüləri məndən pul almırdılar. Bəzən kinozala daxil olarkən, seansın ortasında məni alıqışlamaq üçün işıqları yandırırdılar. Birinci fotoalbomun çəkilişlərini edərkən, məcbur olurdum başıma parik və gözümə eynək taxım ki, yoldan keçənlər Lollabricidanı tanımasınlar.
   Bəzən publika məni o qədər usandırır ki, xəstələnirəm. Sonra səfərimi yarıda kəsib, İtaliyaya qayıdıram. İnsanların daim diqqət mərkəzində olmasına alışa bilmirəm. Lakin nə edəsən, istər-istəməz bununla barışmalı olursan. Bu, sənətin qaçılmaz məsarifidir.
   
   Məhəbbət haqqında
   
   - Mən məhəbbət dolu həyat yaşamışam. Təəssüf ki, onlardan heç biri uzun sürməyib. Bu gün mən tənhayam. Dünyanın bir çox ölkələrində pərəstişkarlarım var. Lakin arxayın olacağım yeganə adamı görmürəm. Paradoksal vəziyyətdir. Elə deyilmi? Deyirlər, ümid sonda ölür. Mən də hər gün həsrətində olduğum məhəbbətin intizarı ilə yaşayıram...
   Fikrimcə, kişiyə nisbətən qadın öz hisslərində daha səxavətlidir. Hamı barədə bunü deyə bilmərəm, amma mənim təcrübəm göstərir ki, qadın, məhəbbəti naminə özünü və karyerasını qurban verməyə qadirdir.
   Kişi isə daha çox özünü və peşəsini sevir. O, həddən artıq qadının kölgəsində qalmaqdan qorxur. Əgər o özü güclü olsaydı, sevgilisinin uğurları ilə fəxr edərdi. Belə kişini tapmaq qeyri-realdır.
   
   Hədiyyələr haqqında
   
   - Mən çətin zamanda, kasıb ailədə doğulmuşam. Müharibənin və aclığın nə olduğunu yaxşı bilirəm. Uşaqlıqda anam mənə heç nə hədiyyə edə bilməyib. Bacardığım qədər özüm-özümə hədiyyələr etmişəm. Ən yaxşı hədiyyələrimdən birini Moskvada təşkil etdiyim sərgidir. Mənə göstərilən diqqət və mehriban münasibət uzun zaman yadda qalacaq. Tamaşaçıların gəlişimə olan reaksiyası o dərəcədə həyəcanlı idi, inanın, bunu heç vaxt unutmayacağam.
   Həmin gün gözəl sinyora Cina Lollabricida jurnalistlərlə çox danışdı, xatirələrini onlarla bölüşdü: dünya kinematoqrafiyasına şedevrlər bəxş etmiş italyan neorealizmi, Amerikanın dünya ekranlarını basmış ucuz kino məhsulları, rus ədəbiyyatı və özünün çapdan çıxmış fotoalbomu haqqında. Sonda sinyora Cina təkrar görüşmək, rəsm və heykəllərinin sərgisini təşkil etmək ümidi ilə onlardan ayrıldı.
   
   Həsən Tağıyev