Məşhur müğənni Maykl Ceksonun dəri xərçəngi xəstəliyinə tutulduğu barədə məlumat yalandır. «New York Daily News» qəzetinin yazdığına görə, müğənninin rəsmi nümayəndəsi Toum R.Toum yayılan məlumatları təkzib edib.
   
   Toum bəyan edib ki, qəzetlərin Ceksonun dəri xərçənginə tutulduğu barədə yaydıqları məlumat yalandır. O, müğənninin özünü çox yaxşı hiss etdiyini və səhhətində heç bir problem olmadığını bildirib.
   Qeyd edək ki, «The Sun» qəzeti müğənniyə yaxın mənbəyə istinadən həkimlərin məşhur müğənninin dəri xərçənginə tutulduğunu aşkar etdikləri barədə məlumat yayıb. Guya ki, 50 yaşlı Ceksona dəhşətli diaqnoz bir neçə həftə öncə qoyulub. Amma həkimlər xəstəliyin müalicəsinin olduğunu da vurğulayıblar. Tibbi müayinə zamanı xərçəng ləkələri onun bədəninin yuxarı hissəsində aşkar edilib. Bundan əlavə, həkimlər müğənninin üzündə də «xərçəng xəstəliyi öncəsi ləkələr» tapıblar.
   Mənbə bildirib ki, testlər onun bədənində artıq xəstəliyin yarandığını, sifətində isə yaranmaqda olduğunu göstərib: «O, əvvəlcə çox qorxurdu. Amma həkimlər bu xəstəliyi sağalda biləcəklərini söyləyəndən sonra sakitləşdi». Toum Ceksonun 50 şouda iştirak edəcəyini vurğulayıb. Bu şoualara biletlər artıq satılıb qurtarıb.
   Qeyd edək ki, əvvəlcə müğənninin Londonda 10 konsert verəcəyi və bununla da karyerasını bitirəcəyi bildirilirdi. Amma təşkilatçılar tələbatın çox olduğunu bəyan edərək konsertlərin sayını 50-yə qaldırıblar və şou 2010-cu ilin fevralına kimi davam edəcək. Təkcə Londonda «pop musiqi kralı»nın çıxışlarını 1 milyondan çox tamaşaçı izləyəcək. Maykl Cekson Londonda sonuncu dəfə 12 il əvvəl konsert verib. O, 2006-cı ildə Londonda «World Music Awards»ın təqdimetmə mərasimində iştirak edib və səhnədən «We Are The World» mahnısının cəmi bir neçə sətrini oxuyub.
   Maykl Cekson musiqi tarixində kommersiya cəhətdən ən uğurlu artistlərdən biri olub. O, «pop musiqinin kralı» elan olunub, onun «Thriller» albomu isə bütün dövrlərin ən çox satılan diski kimi «Ginnesin rekordlar Kitabı»na daxil edilib.