Böyük Britaniya polisi ölkə tarixində ən mürəkkəb oğurluqlardan birinin üstünü açıb. «The Guardian» yazır ki, Henri Murun 5 il əvvəl oğurlanmış heykəlinin taleyinə aydınlıq gətirilib. Böyük Britaniya hüquq-mühafizə orqanlarının məlumatına görə, qiyməti 3 milyon funt-sterlinq olan 2 tonluq bürünc heykəl metal qırıntısı kimi 1,5 min funt-sterlinqə satılıb.
   «Uzanmış fiqurlar» adlı uzunluğu 3 metr, hündürlüyü və eni 2 metr olan heykəl Hartfordşir qraflığının ərazisindəki Heykəltəraşlıq Fondunun ərazisində saxlanılırmış. 2005-ci il dekabrın 15-də üç nəfər yük maşınında fondun ərazisinə daxil olaraq bucurğadın köməkliyi ilə onu maşına yükləyiblər. Heykəlin tapılmasına kömək edəcək informasiyanın əvəzində 10 min funt-sterlinq mükafat təyin edilib. Polis hələ o zaman heykəlin metal qırıntısı kimi əridilməsi üçün oğurlandığı versiyasını irəli sürüb. İndi isə bu versiya təsdiqlənib - istintaqın gəldiyi nəticəyə görə, heykəl metal alanlara satılıb və sonra əridilərək ölkədən çıxarılıb. Onun Çinə aparıldığı güman edilir. 1986-cı ildə vəfat edən Henri Mur müasir incəsənətin ən məşhur simalarından biri sayılır. O, bürüncdən və ya daşdan böyük abstrakt heykəllər yaratması ilə məşhurlaşıb. Bu zaman o, təhrif edilmiş insan formalarından istifadə edirmiş.