«Oskar» mükafatı laureatı Martin Skorseze Frenk Sinatraya həsr olunan bioqrafik film çəkir. Bu barədə «Reuters» agentliyi «Universal Pictures» kinokompaniyasına istinadən məlumat yayıb.
   Filmin prodüseri qismində Sinatranın qızı Tina çıxış edəcək: «Mənim atam həmişə işlədiyi adamlara böyük hörmətlə yanaşıb və insanlar da ona qarşılıqlı hörmət bəsləyiblər. Mən əminəm ki, bu ənənə yenə də - film üzərində iş getdiyi zaman da davam edəcək».
   «Universal Pictures»in layihəsi məşhur müğənni və aktyorun həyatı barədə ilk tammetrajlı film olacaq. Qeyd edək ki, bundan əvvəl 1992-ci ildə Sinatranın həyatından danışan teleserial nümayiş etdirilib. 1998-ci ildə isə «HBO» «The Rat Pack» filmini təqdim edib. Teleserialda Sinatranı Filip Kasnoff, filmdə isə Rey Lioto canlandırıb.
   Gələcək filmin ssenarisi Pil Alden Robinsona tapşırılıb. Layihə üzərində işin vaxtı hələlik müəyyən edilməyib.
   Frenk Sinatra 1915-ci ildə Bruklində anadan olub. O, uzun və məhsuldar ömrü ərzində yüzlərlə mahnı yazıb, onlarla filmdə çəkilib. Sinatra 1998-ci ildə ürək tutmasından vəfat edib.
   Skorseze isə eyni zamanda bir neçə layihədə iştirak edir. Onun baş rollarda Denil Dey Lüis və Benisio del Toronun oynayacağı «Susqunluq» filmini çəkməyə hazırlaşdığı bildirilir. Filmdəki hadisələr 17-ci əsrdə Yaponiyada cərəyan edir. Bundan əlavə, onun «Falcons Tale» adlı kriminal dram çəkmək niyyəti barədə də məlumat verilir. Bu filmdə baş rolda oynayacağı gözlənilən Robert De Niro mafiyanın sifarişi ilə 25 adamı öldürən qanqster obrazını canlandırmalıdır.