Nyu-Yorkdakı rok-n-roll Şöhrət Muzeyində «The Beatles» qrupunun keçmiş solisti Con Lennonun xatirəsinə həsr olunan sərgi açılıb. BBC-nin məlumatına görə, sərgi musiqiçinin Amerikada yaşadığı son 9 ili əhatə edir.
   Lennonun həyat yoldaşı Yoko Ono «John Lennon: The New York Years» sərgisi çərçivəsində təkcə həyat yoldaşının gitarası, əlyazmaları və pianosunu deyil, eləcə də öldürüldüyü zaman əynində olan köynəyini nümayiş etdirib. Bu köynəyi Onoya Lennonun 1980-ci ildə güllələnməsindən sonra gətirildiyi xəstəxananın tibb işçiləri veriblər. Yoko Ono etiraf edib ki, içində qanlı köynək olan brezent çantanın eksponatlar siyahısına salınmasına nail olmaq ona asan başa gəlməyib. Ono həyat yoldaşının pərəstişkarlarının onun bu addımını kəskin tənqid edəcəklərindən də ehtiyatlanır.
   Lennonun üzərində «New York City» yazılan məşhur qanlı köynəyini, ona məxsus dəyirmi eynəkləri, «Double Fantasy» albomuna görə ölümündən sonra ona verilən «Grammy» mükafatını, eləcə də onun ev videoyazılarını və şəxsi məktublarını görmək üçün ilin sonuna qədər Şöhrət Zalını ziyarət etmək olar.