Amerikalı pop-müğənni Maykl Cekson Londonda verəcəyi bir neçə konsertin vaxtını dəyişib. CNN-in məlumatına görə, London şousuna bilet alanlara müvafiq elektron məlumat göndərilib. «O2 Arena»da 2009-cu il iyulun 8-də keçirilməli olan birinci konsert həmin ayın 13-nə təxirə salınıb. İyulun 10, 12 və 14-nə nəzərdə tutulan konsertlər isə ümumiyyətlə, 2010-cu ilin 1,3 və 6 mart tarixlərinə təxirə düşüb. Şounun təşkili ilə məşğul olan «AEG Live» şirkətinin prezidenti Rendi Filips bildirib ki, qrafikə dəyişiklik edilməsi konsertlərə əlavə hazırlıq işlərinin vacibliyi ilə bağlıdır: «Dekorasiyaların hazırlanması, videoşounun planlaşdırılması və təşkili, ən əsası isə şounun tamamlanması və əsas məşqlərin başa çatdırılması üçün daha çox vaxt tələb olunur». Filips onu da qeyd edib ki, konsertlərin vaxtının dəyişdirilməsi Maykl Ceksonun vəziyyətinin pisləşməsi ilə bağlı deyil. Xatırladaq ki, bir müddət öncə «The Sun» qəzeti müğənnidə dəri xərçəngi aşkar edildiyini yazmışdı. Amma az sonra Ceksonun rəsmi nümayəndələri bu məlumatı təkzib etmişdilər. Xatırladaq ki, Maykl Cekson 2009-cu ilin martında səhnəyə qayıtdığını elan edib. Təşkilatçılar əvvəlcə 10 konsert planlaşdırsalar da, sonradan böyük marağı nəzərə alaraq onların sayını 50-yə çatdırıblar.London şousuna dəqiqədə 333 bilet satılıb. London arenasının tutumu 20 min nəfər olduğundan, ən kobud hesablamalar belə konsertə 1 milyon adamın gələcəyini göstərir.