Dj Ağanın “24-cü saatı”na itirdiyim “2 saat”
   
   Keçən dəfəki mövzumuza «davam» deyib bu dəfəki hədəfə (sözün yaxşı mənasında) Anten FM-i nişan almışam. Hər şeydən öncə qeyd edim ki, Antenn səsləndirdiyi zövqlü musiqilərə görə digər FM dalğaları arasında xüsusilə seçilir. Lakin bu, hər şey demək deyil... Çünki FM-lərin tacına bəzək olan təkcə musiqilər yox, həm də maraqlı mövzulardı... Bəli, MARAQLI MÖVZULAR! Bunu Anten-ə də aid etmək olarmı?! Əgər son günlər dinlədiyim primitiv məzmunlu mövzuları nəzərə alsam, qəti yox!
   
   Özündə böyük məsuliyyət daşıyan Tv və FM-lər bu gün ictimaiyyətə “nələr”i, yaxud “kimlər”i təbliğ edir? FM-lərin də virtual təbliğatda əhəmiyyətini nəzərə alıb sözümün mustafasına keçmək istəyirəm. Axşam saat 10-da başlayan DJ Ağanın təqdimatında “24-cü saat”ı dinləyirdim. Həmişəki kimi, daimi userlər, onların etik normaları aşmış sms-ləri, musiqilər və nəhayət, mövzu... DJ mövzunu elan etdi: “Ağıllı adam nəyi özüylə gəzdirər?” Onsuz da dünən bu FM-də adını unutduğum başqa bir DJ-in “Yağışın həyatınızdan kimi, yaxud nəyi silməyini istəyərdiniz?” mövzusundan sonra belə “fövqəlbəşər” mövzular silsiləsinin yenidən başqa DJ-in başqa proqramında eşidəcəyim mənimçün bir o qədər də təəccüblü olmadı. İntellekti və mədəniyyəti Himalay dağının zirvəsini fəth etmiş biçarə millətim də elə mövzuya uyğun cavablar verdi, özü də necə!.. Əvvəl DJ-ə sms-lə bir az məntiqli, sosial problemləri əhatə edən mövzuları müzakirəyə qoymasını yazsam da, onun mənə ünvanladığı cavab belə oldu: “Axşam saat 10-dan sonra maarifləndirici mövzular qoyulmamalıdır. İnsanlar onsuz da işdən aqressiya ilə evə gəlib dincəlmək istəyir. Bir də ki, mövzunun özündə məntiq var, yaxşı fikirləşin”. Dedim, görünür, mənim məntiqimin gücü hələ o səviyyəyə yetməyib. Yaxşı, “1-0 sənin xeyrinə” deyib bu “əyləncəli” mövzunu sona qədər dinləməyi qərara aldım. Maşallah, göz dəyməsin! Mövzunun müzakirələri userlər arasında başladı, özü də nə başladı... “Ağıllı adam özüylə alt paltarını gəzdirər”, “Ağıllı qız özüylə kitab gəzdirər ki, sataşan oğlanın başına çırpsın” və s. bu tipli “problem”in həlli yollarını göstərən “ağıllı” cavablar. Əvvəl-əvvəl dedim, yəqin DJ düz deyir də, gecənin bu vaxtı nəyə lazım “oxumaqdan başı xarab olan millət”i sosial problemli mövzular qoymaqla işi daha da əngələ salmaq. Bu yerdə yadıma “Millət necə tarac olur olsun, nə işim var” şeiri düşdü. Allah sənə rəhmət eləsin, Sabir! Necə yerində demisən və necə də hələ aktualdır! Proqramın 1-ci saatı qismən mövzuyla bağlı fikirlərlə əhatələnsə də, 2-ci saatı artıq “userlərin qalmaqalı sindromu”na yoluxdu (Əslində FM-lər buna çoxdan yoluxub). Mövzu qaldı bir kənara, bütün diqqət “Firka X6” və “Seksi qız”ın virtual saçyoldusu üzərində cəmləndi. Bu yerdə barmağımı dişləyib DJ Ağanın bayaqkı sözləri haqda düşünməyə başladım. Hörmətli Ağa bəy, olmaya axşam 10-dan sonra aqressiyadan uzaq olmaq istəyən insanlar bu qalmaqala - “Seksi qız, mənə söz yazma, yoxsa üstündən Xırdalan kruqunu keçirdərəm”, “Elə cəmi sənə 50 manat verib yola salıblar, bəs 20 manat taksi pulu verməyiblər?”, yaxud da “Mənə o seksi qızın nömrəsini verin, görüm doğrudan seksidir?” kimi əxlaq baryerlərini aşmış, insanı qıcıqlandıran o kəlmələrəmi qulaq asıb istirahət edirlər? Zənnimcə, ağlı başında olan, özünə bir azca hörmət edən insan həmin an dalğanı dəyişər (əslində söndürsə daha yaxşı olar). Və əgər düşünsək ki, bu proqramı dinləyənlərin əksəri gənc və yeniyetmələrdir, məsuliyyətin yükü, məncə, daha da artmış olur! Bir düşünün, hansısa 12-15 yaşlı yeniyetmə proqramı dinləyir və burada cərəyan edən fikirlər, etik sərhədləri aşmış sözlər ona necə təsir edir və o, bunlardan necə nəticə çıxarır? Onu da unutmayın ki, insanlar yaxşıdan çox pisə daha meyllidir. Təbii ki, mühitin də təsir gücünü nəzərə alsaq, həmin yeniyetmələr “firka”nın və s. bu kimilərin doğru hərəkət etdiyini düşünüb, özünü onlara bənzətmək istəyəcək (TV-lərdə təbliğ olunan üzdəniraqlara bənzəmək istəyənlər kimi) və fikirləşəcək ki, “Radiodur da, hər halda, doğrunu təbliğ edir, səhv etməz”, sonucda fəsadlar...artıq bəlli!
   Proqram boyu düşüncələrimdə belə bir dilemma da yarandı: “Axmaq, vulqar sözlərlə dolu sms-lərə xərclənən konturlar, hər gün 40 manatlıq kontur yüklədiyinə görə fəxr edən adamcıqlar və 20 qəpik tapmayan minlərcə bomjlar, küçələrdə gecələyən yetimlər, dilinə neçə vaxtdı çay-çörək dəymədiyi üçün efirə çıxıb yardım istəyən kimsəsizlər”... (Bunu vicdanınız düşünsün!)
   Bəlkə də FM, TV-lər bu gün məşhur olmağın, gündəmdə qalmağın yeganə yolunu elə məhz bu tipli “qalmaqal”larda, küçə söhbətlərində görüb, reytinq qazanmağa üstünlük verirlər?.. Lakin bir şeyi unudurlar ki, belə ucuz tərbiyədən kənar reytinqin xatirinə neçə-neçə intellektli tamaşaçı, dinləyici kütləsini itirirlər. Bu günün radioları əsas reytinqi “kiminsə bostanına daş atıb qalmaqal yaratmaq”, “ərə getmək bürosu” açmaq, yaxud özünə qız axtarmaq və s. bu tipli mövzudankənar mövzular üzərində qurularaq bunu gənclərə təbliğ edir!
   Deyəsən, proqramdan çox uzaqlaşdım. Qayıdaq bayaqkı “saçyoldu”nun nəticələrinə. Bu dəfə həyasızlığa göz yuma bilməyib DJ-ə belə səviyyəsiz sms-lərə senzura qoyması haqda xahiş sms-i yazdım. Cavabında isə Ağa bəy onun proqramını diqqətlə izlədiyimçün (belə “saçyoldunu” kim qaçırar ki) öz təşəkkürünü bildirib, belə sms-lərə qarşı onun da müəyyən pilləyə qədər həddi olduğunu bildirdi. Özü demiş, “İpi lazım gələndə çəkirəm”. Əvvəl də DJ Ağaya köşəmdə tənqidlə yanaşı, tərif də söz vermişdim. Baxmayaraq ki, bu “müqavilə”nin müqabilində Ağa: “Həmkarıq da, hər halda, həmkarlar bir-birinin tərəfini saxlayır” deyib yalnız tərif eşitmək istədi. Özünə dediyim kimi, həqiqət mənə daha əzizdir. Yazdığım həqiqətlərin içərisində təbii ki, əvvəl də qeyd etdiyim zövqlü musiqini həmişə Anten-də dinləmişəm. Belə dünya estradasından səviyyəli musiqilər səsləndirməklə sözün yaxşı mənasında zamanın, gəncliyin nəbzini tuta biliblər. DJ Ağada başqa FM Dj-lərindən fərqli olaraq, dinləyicilər üçün müsbət olan məqama da rast gəldim. Adətən başqa DJ-lərin söhbət boyunca “ımmm, ...aaa, ...ooo, ...ee” və s. bu kimi mələrtiyə bənzər səslərə Ağanın nitqində rast gəlmək qətiyyən mümkün deyildi. Və ən əsası sözləri sonadək aydın, səlis ifadəetmə bacarığı peşəkarcasına idi. Pozitiv əhval-ruhiyyəni tarazlamağın öhdəsindən də kifayət qədər gələ bilirdi. Hətta bir məqamı da qaçırmadım. Həmin küçə söhbətli sms-lərə senzura qoyulması məsələsini ona yazandan sonra belə sms-lərin məzmununu bacardığı qədər qısaltması dj-in özünün də onları oxumaq istəməməsindən xəbər verirdi... Sonda isə DJ Ağa mövzuyla bağlı öz fikrini “Ağıllı adam özüylə müsbət enerji, gülüş gəzdirib ətrafındakılara xoş təəssüratlar bəxş etməlidir” deyib, Şekspirin “Ağıllı adam üstündə xoşbəxtliyi gəzdirər” kəlməsiylə bitirdi.
   
   P.S.: Mövzunun məntiqi ilə sənin verdiyin cavab hələ də mənə qaranlıq qaldı. Hesab 1-1.
   
   Yeganə CANSAİL
   
yeganec@list.ru