Fransanın ən məşhur yüksək moda evlərindən biri olan «Christian Lacroix» öhdəlikləri və borcları ödəməkdən imtina edib. Moda evi Paris məhkəməsinə müraciət edərək kreditorlardan hüquqi müdafiə istəyib. Bu, faktiki olaraq «Christian Lacroix»in müflis olması deməkdir.
   Məhkəmə bu həftə ya iddianın təmin edilməsi, ya da adıçəkilən moda evinin ləğvi ilə bağlı qərar çıxarmalıdır. «Christian Lacroix» dünyanın aparıcı dizayn şirkətləri arasında iqtisadi böhranın qurbanına çevrilən ilk moda evi olacaq. Ötən il moda evinin itkiləri 10 milyon dolları keçib. Bu il isə «Christian Lacroix»in satış həcminin azalması ən yüksək həddə çatıb - 35 faiz. Kristian Lakrua moda evini 1987-ci ildə təşkil edib. Onun Fransanın cənubunun obrazlarına, cizgilərinə və rənglərinə əsaslanan stili parlaqlığı, fantaziyası və incəliyi ilə seçilirdi. 2005-ci ildə şirkəti məşhur amerikalı biznesmenlər - Falik qardaşları alıblar. Qeyd edək ki, Falik qardaşları vergisiz mağazalar şəbəkəsinin sahibidir.