Məşhur aktyor Pirs Brosnan Uma Turmanın və «Persi Cekson» filmində iştirak edən digər aktyorların həyatını xilas edib. «WorstPreviews»in verdiyi məlumata görə, əməkdaşlardan biri çəkiliş meydanında içində aparatlar olan avtomobili əyləcə qoymağı unudub. Nəticədə öz-özünə hərəkətə başlayan avtomobil təpədən Turmanın və digər aktyorların dayandığı yerə «şığıyıb».
   Özünü itirməyən Brosnan hərəkət edən avtomobilə tullanaraq onu başqa səmtə yönəltməyə müvəffəq olub. Avtomobil kiçik səddin üstündən tullanaraq zibil qutularına dəyib və dayanıb.
   Pirs Brosnan yüngül zədələnib və tibbi müdaxilədən imtina edib. Uma Turman isə Brosnanın bu hərəkətini onun Ceyms Bond barədə filmlərdəki «casus 007» rolu ilə müqayisə edib.
   «Persi Cekson» filminin ssenarisinə görə, Pseydonun sadə qadından doğulan oğlu Persi Cekson müasir Amerika ərazisi ilə səyahət edərək Olimp sakinləri arasında müharibənin qarşısını almağa cəhd edir. Filmin əsasında Rik Riordanın «İldırım oğrusu» romanı durur. Bu, Ceksonun barəsində ilk kitabdır. Riordan ümumilikdə bu qəhrəman barəsində 5 kitab yazıb. Brosnan filmdə Xironu, Uma Turman Meduzanı, Şon Bin Zevsi, Kevin Makkid Pseydonu oynayır. Persi Ceksonun özünü isə az tanınan aktyor Loqan Lerman ifa edir.
   Xatırladaq ki, Pirs Brosnan Ceyms Bond barədə bir neçə filmdə iştirakı ilə məşhurlaşıb.