Məşhur aktyor və idmançı Jan-Klod Van Damm özünü dəhşət filmində sınamaq niyyətindədir. Bu barədə aktyor özü son müsahibələrindən birində bildirib.
   «WorstPreviews» resursunun məlumatına görə, Van Damm hazırda məşhur rejissorlardan birinin «Silah» filmində çəkildiyini vurğulayıb: «Bundan sonra isə dəhşət filminin çəkiliş meydanında peyda olacağam. Bu, doğrudan da maraqlı və dəhşətli hadisədir. Mən pərəstişkarlarıma nümayiş etdirmək istəyirəm ki, istənilən janrda qüvvəmi sınaya bilərəm. Açığını desəm, mən çoxdan belə bir filmdə çəkilmək istəyirdim. Amma normal ssenari olmurdu».
   Van Damm filmdəki hadisələrin ətraf aləmdən təcrid olunmuş kənddə baş verdiyini bildirib. Amma filmin nə zaman ekranlara çıxacağını açıqlamayıb. Qeyd edək ki, Van Damm Dolf Lundqrenlə bir yerdə Bolqarıstanda «Universal əsgər» filminin davamında da çəkilir. Bu filmin süjetinə görə, baş qəhrəman Çernobl AES-i Basayev soyadlı terrorçudan azad edir.
   Bundan əvvəl aktyor bəyan edib ki, daha bir məşhur filmin - «Qanlı idman»ın davamını çəkmək istəyir: «Amma bu filmi birincidən daha kədərli etmək istəyirəm. Bəlkə də baş qəhrəman öz doğma oğlunu alçaldan narkoman və əyyaş olacaq».
   Van Damm onu da etiraf edib ki, studiyalar bu filmin taleyi ilə bağlı onun optimizmini bölüşmürlər və layihənin kommersiya cəhətdən uğurlu olmayacağını bildirirlər.