Üzərində məşhur aktrisa Odri Hepbernin əksi olan nadir marka Berlində keçirilən auksionda 67 min avroya satılıb. Bu barədə «DPA» agentliyi məlumat yayıb.
   Hepbern markanın üzərində 1961-ci ildə çəkilmiş «Tiffani ilə səhər yeməyi» filmindəki Holli Qolaytli obrazında əks olunub. Şəkildə aktrisa uzun müştükdə siqaret çəkən yerdə təsvir edilib.
   Markanın start qiyməti 30 min avro olub. O, bir neçə il özəl kolleksiyada saxlanılıb. Markanın keçmiş sahibi adının açıqlanmamasını üstün tutub.
   Almaniyanın «Deutsche Post» poçt şirkəti markanı 2001-ci ildə buraxıb. Amma rəsmi satış baş tutmayıb. Aktrisanın ailəsinin satışa qarşı çıxması səbəbindən «Siqaret çəkən Hepbern» markasının bütün tirajı məhv edilib.
   Kolleksiyaçılar məhv edilən tirajın bir neçə nüsxəsinin özəl kolleksiyaya necə düşməsi üzərində baş sındırırlar. Güman edildiyinə görə, özəl kolleksiyalarda 30-a yaxın belə marka var. Qeyd edək ki, bu ilin may ayının əvvəlində Almaniyanın Essen şəhərində belə markalardan biri də satılıb.
   Odri Hepbern 1929-cu ildə Brüsseldə anadan olub, Böyük Britaniya və Hollandiyada təhsil alıb. O, gəncliyində baletlə məşğul olsa da, hündürboylu olması səbəbindən baleti atıb və özünü aktyorluq sənətinə həsr etmək qərarına gəlib. İştirak etdiyi «Roma tətilləri», «Milyonu necə oğurlamalı», «Tiffani ilə səhər yeməyi», «Sabrina» kimi filmlər onu bütün dünyada məşhurlaşdırıb. Onun tərəf müqabilləri Qreqori Pek, Fred Astor, Piter O Tul, Hamfri Boqart kimi aktyorlar olub.
   Hepbern 1993-cü il yanvarın 20-də Lozanna yaxınlığındakı kiçik şəhərcikdə xərçəng xəstəliyindən vəfat edib.