Prezident İlham Əliyev Mədəniyyət evində aparılmış işlərlə ilə tanış olub
   
   Prezident İlham Əliyev iyulun 8-də Zaqatala rayonuna səfər edib. Prezident rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub.
   
   Dövlət başçısına məlumat verilib ki, 1959-cu ildə inşa edilmiş binada aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra Mədəniyyət evi müasirliyi ilə seçilir. Binanın qarşısında geniş abadlıq işləri görülüb, Azərbaycan mədəniyyətinin tanınmış simalarının büstləri qoyulub.
   Üçmərtəbəli binanın ümumi sahəsi min kvadratmetrə yaxındır. Birinci mərtəbədə inzibati otaqlar yerləşir. Müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 250 nəfərlik akt zalı ikinci mərtəbədə yerləşir. Burada səsyazma və avtomatik idarəetmə otaqları var. Zal müasir işıqlandırma sistemi ilə təchiz olunub. Üçüncü mərtəbədə də müxtəlif təyinatlı otaqlar yerləşir.
   Məlumat verilib ki, Zaqatala Mədəniyyət evində 2 xalq kollektivi, xalq teatrı və xalq kəndirbazlar qrupu, səyahətlər klubu və 5 dərnək fəaliyyət göstərir.
   Prezident İlham Əliyev Mədəniyyət evinin yaxınlığında müharibə veteranları və əlillər üçün bağda yaradılmış şəraitlə də tanış olub.
   Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
   
   * * *
   Prezident İlham Əliyev səfər çərçivəsində Zaqatala Süd emalı zavodunun, “İntertabako” MMC-nin Tütün emalı zavodunun açılışında iştirak edib. Dövlət başçısı, həmçinin, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
   Prezident İlham Əliyev iyulun 8-də Balakən rayonuna da səfər edib. Dövlət başçısı “Qubek” mehmanxanasının açılışında iştirak edib.
   Məlumat verilib ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yaxınlığında yerləşən dördulduzlu, 100 yerlik mehmanxananın tikintisinə 2007-ci ildə başlanıb. Mehmanxanada 9 lüks və 54 sadə nömrə, 80 nəfərlik konfrans zalı, 80 nəfərlik yay və qış restoranları var. Burada 80 nəfər işlə təmin olunub.
   Mehmanxananın əsas özəlliyi onun turizm üçün son dərəcə əlverişli bölgədə yerləşməsidir. Bu cür obyektlər Balakənin, ümumilikdə bölgənin turizm imkanlarının inkişafına müsbət təsir göstərir. Prezident İlham Əliyev mehmanxanada yaradılmış şəraiti yüksək qiymətləndirib.
   
   * * *
   Prezident İlham Əliyev Balakən Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib. Balakən Olimpiya-İdman Kompleksinin tikintisinə 2008-ci ildə başlanıb. Kompleksin ümumi ərazisi 5 hektar, tikinti sahəsi 8900 kv m-dir. Buraya futbol stadionu, basketbol, voleybol, minifutbol və tennis meydançaları, üzgüçülük hovuzu, əl oyunları zalı, habelə stolüstü oyunlar və trenajor zalları, kotteclər daxildir. Kompleksin ikimərtəbəli əsas binasında 814 nəfər tamaşaçı yeri olan əl oyunları, şahmat, dama, trenajor, stolüstü oyunlar, bilyard və Şərq əlbəyaxa döyüş növləri zalları, kafe, beşzolaqlı hovuz yerləşir.
   Prezident İlham Əliyev mərkəzin bölmələrində idmançıların məşq prosesini izləyib, kompleksdə yaradılan şəraiti yüksək qiymətləndirib.
   
   * * *
   Prezident həmçinin “Balakən-1” kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində, rayon mərkəzi xəstəxanasının yeni binasının, Balakəndəki Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsinin açılışında iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar