Kembric Universiteti unikal qədim kitabların elektron surətlərini İnternetə yerləşdirəcək. Bu barədə «The Daily Telegraph» qəzeti yazıb. İnternetdə İohann Qutenberqin 1455-ci ildə çap etdiyi Bibliya və Homerin poemalarının 1488-ci ildəki ilk nəşri qoyulacaq.
   «The Daily Telegraph» qeyd edir ki, hazırda Kembricin onlayn kitabxana kataloqunda 1501-ci ilə kimi çap olunan çox az kitabın adı var. Ümumilikdə kitabxanada 500 il əvvəl çap edilən (ilk çap olunan kitablar adlanırlar) cəmi 4650 kitab var.
   Qəzetin məlumatına görə, Kembricdə qədim kitabların surətinin çıxarılması və rəqəmsal formaya salınması 300 min funt sterlinqə (480 min dollar) başa gələcək. Bu pul kitabxananın fonduna məşhur amerikalı siyasətçi və ABŞ-ın 1932-ci ilə qədər Böyük Britaniyadakı səfiri Endryu Mellonun adını daşıyan xeyriyyə fondu tərəfindən keçirilib.
   Kembric kitabxanasının əməkdaşı Anna Carvis bildirib ki, kitabların elektron versiyasının yaradılmasından məmnunluq hissi duyurlar: «Bütün dünyanın İnternet istifadəçiləri həmin kitabları oxuya biləcəklər».
   Güman edildiyinə görə, layihənin tam həyata keçirilməsi üçün 5 il vaxt tələb olunacaq.