Britaniyalı tədqiqatçı Aqata Kristinin indiyə kimi çap olunmayan iki hekayəsini tapıb. «The Guardian» qəzetinin yazdığına görə, hər iki hekayə detektiv Erkül Puaro barəsindədir.
   Tədqiqatçı Con Karran tərəfindən tapılan hekayələr qaralama şəklində olub və Aqata Kristinin «Greenway House» malikanəsində saxlanılırmış. Karran 1920-70-ci illərdə yazılan 73 dəftər qaralama aşkar edib. Dəftərlərdə hüquqa aid xeyli arayış tipli informasiya, hekayələrin özü və təsərrüfat hesabları olub. Onların hamısı bir-birinə qarışıb. Bütün bunlar güclə sezilən xətlə yazılıb. Bu yazılardan ancaq Aqata Kristi özü baş çıxarırmış.
   Aqata Kristinin qəribə işləmək manerası olub. O, adətən əsər üzərində qaralama işləri aparandan sonra onu assistentinə diqtə edirmiş. Sonradan bu mətn çap maşınında yığılırmış. Ən sonda isə Aqata Kristi redaktə ilə məşğul olurmuş.
   Karranın tapdığı ilk hekayə «İt topunun sirri» adlanır. Bu hekayənin sonradan işlənmiş variantı «Lal şahid» («Dumb Witness») romanının əsasında durur.
   Karranın tapdığı ikinci hekayə isə «Serberanın ram edilməsi» («The Capture of Cerberus») adlanır. Tədqiqatçı hesab edir ki, bu hekayə «Herkalın qəhrəmanlığı» («The Labours of Hercules») seriyasını bitirməliymiş. 1939-1940-cı illərdə bu seriyanın 11 hekayəsi «Strand» jurnalında çap edilib. «Serebranın ram edilməsi» adlı 12-ci hekayə isə 1947-ci ildə buraxılan kitabda çap olunub. Karran bildirir ki, qaralamada tamamilə başqa versiya var.
   «İt topunun sirri» və «Serebranın ram edilməsi» Karranın redaktəsi ilə 2009-cu ilin sentyabrında çap olunacaq. «HarperCollins» nəşriyyatının buraxacağı kitab «Aqata Kristinin gizli bloknotları: hazırlanma prosesində 50 illik sirr» («Agatha Christie"s Secret Notebooks: Fifty Years of Mysteries in the Making») adlanacaq.