Məşhur amerikalı müğənni Uitni Hyuston son altı il ərzində ilk albomunun nə vaxt buraxılacağını açıqlayıb. Müğənninin rəsmi saytında yerləşdirilən məlumata görə, ümumilikdə Hyustonun sayca yeddinci studiya albomu olan və hələlik ad qoyulmayan bu albom «Arista Records» leyblında bu il sentyabrın 1-də buraxılacaq.
   Diskin prodüseri qismində Klayv Devis çıxış edəcək. Hyustona mahnıların yaradılmasında «Black Eyed Peas»in iştirakçısı Will.I.Am, Ne Yo, Şin Qarret, Eykon və Con Lecend kömək edirlər. Amma bu informasiya rəsmi olaraq təsdiq edilməyib.
   Uitni Hyustonun sonuncu diski 2002-ci ildə buraxılıb. O, 2003-cü ildə «One Wish: The Holiday Album» adlı klassik Yeni il mahnılarından ibarət albom yazdırıb və uzun müddət musiqi dünyasından kənarda qalıb. 2009-cu il «Qremmi» mükafatının təqdim edilməsi mərasimində 4 mahnı oxuyan Hyuston səhnədən ayrıldığı zaman daha çox qalmaqallarla gündəmə gəlib. Onların arasında narkotik vasitələrin qəbulu, həyat yoldaşı Bobbi Braunla nikahın pozulması, eləcə də qohumları ilə məhkəmə çəkişməsi var.
   Uitni Hyuston ən çox mükafatları olan müğənni kimi Ginnesin rekordlar kitabına düşüb. Onun ümumilikdə 411 mükafatı var. Onların arasında 6 «Qremmi», 2 «Emmi», 23 «American Music Awards» və 16 «Billboard Music Awards» mükafatı var. Müğənninin albomları bütün dünyada 170 milyon nüsxə ilə satılıb.