«MTV Movie Awards»ın mükafatlarının təqdim edilməsi mərasimi zamanı reper Eminemin qaldığı hotel qarət olunub. Bu barədə «NME» dərgisi məlumat yayıb. İlkin məlumata görə, Eminem mərasimdə çıxış etdiyi zaman onun hoteldəki nömrəsindən bir çox qiymətli əşyalarını aparıblar. Onların arasında reperin bahalı noutbuku, eləcə də üzərində brilyant qaşlar olan boyunbağısı olub. Bu boyunbağının qiyməti 60 min dollardır. Eminem özü isə mərasim zamanı qalmaqalları ilə məşhur olan Saşa Baron Koenin növbəti qurbanına çevrilib. Koen zal üzərindən trosların köməyi ilə uçaraq elə enib ki, Eminemin boğazı onun ayaqları arasında qalıb. Sonradan onlar bunu qəsdən belə etdiklərini etiraf ediblər.