Məşhur yazıçı Harri Potter barədə silsilə kitabların müəllifi Coan Roulinqə qarşı plagiatlıq ittihamı irəli sürülüb. «Reuters» agentliyinin məlumatına görə, britaniyalı yazıçı Edrian Ceykobsun varisləri Roulinqin «Harri Potter və alov Kuboku» romanını yazarkən oğurluq etdiyini və məhz Ceykobsun kitabındakı süjet xəttindən istifadə etdiyini bildiriblər.
   Edrian Ceykobsun ölümündən sonra yaradılan fond bəyan edib ki, London Yüksək Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilib. İddiaçılar Harri Potter barədə kitabları çap edən «Bloomsbury Publishing» nəşriyyatının müəllif hüquqlarını pozduğuna görə məsuliyyətə cəlb edilməsini tələb edirlər. Onlar Coan Roulinqi müəllif hüquqlarının pozulması ilə bağlı cavabdeh kimi daha bir məhkəməyə cəlb etmək niyyətindədirlər.
   İddiaçılar qeyd edirlər ki, 2000-ci ildə çap edilən «Alov Kuboku»nda Ceykobsun 1987-ci ildə yazdığı «Sehirbaz Villinin macəraları» («The Adventures of Willy the Wizard - No 1 Livid Land») romanındakı süjet xəttindən istifadə olunub.
   Həm Ceykobsun, həm də Roulinqin romanında söhbət sehirbazların yarışından gedir, qəhrəmanlar vanna otağında xəlvət məlumat alırlar, onların vəzifəsi isə yarıinsan, yarıheyvan olan sehirli məxluqlar tərəfindən oğurlanan insanların xilas edilməsi olur. Bundan əlavə, Ceykobsun varisləri bildirirlər ki, Roulinq sehirbazların qatarda səyahət etməsi kimi ideyanı oğurlayıb. Başqa bir maraqlı cəhət də ondan ibarətdir ki, Ceykobs ədəbiyyat agenti Kristofer Littlin xidmətindən istifadə edirmiş. Littl sonradan Coan Roulinqlə işləməyə başlayıb.
   Roulinq isə ittihamları rədd edib. O, əvvəllər Ceykobs barədə heç bir zaman eşitmədiyini və onun yaradıcılığı ilə ilk dəfə 2004-cü ildə tanış olduğunu bildirib.