Öz mahnılarını ifa edən britaniyalı müğənni və bəstəkar Yusuf İslam (müsəlmanlığı qəbul edənə qədər Ket Stivens kimi çıxış edib) bəyan edib ki, plagiatlıqda günahlandırdığı «Coldplay» qrupuna acığı tutmur. Bu barədə «New Musical Express» qəzetinin saytında yazılıb.
   İslam hələ may ayında bəyan edib ki, «Coldplay» «Viva La Vida» hitini onun 1973-cü ildə yazdığı 18 dəqiqəlik «Foreigner Suite» kompozisiyasından mənimsəyib. Amma Yusuf İslam onu da qeyd edir ki, Kris Martinin qrupunu başa düşmək mümkündür: «Mən əvvəlki kimi bildirirəm ki, onlar mənim ideyamdan bəhrələniblər. Amma onu da düşünürəm ki, musiqiçilər bunu təsadüfən ediblər. Əslində mən bəzən özüm də öz mahnılarımı təkrar edirəm - hansısa gözəl melodiyanı yazıram və ancaq bundan sonra anlayıram ki, onu haradasa eşitmişəm. Ən sonda isə məlum olur ki, mən bir müddət öncə oxşar musiqi yazmışam». İslam vurğulayıb ki, «Viva La Vida»nı «Foreigner Suite»nin surəti adlandırmaqla «Coldplay»ı təhqir etmək niyyətində olmayıb. Bəstəkar bu anlaşılmazlığı qrupun üzvləri ilə bir fincan çay içməklə yoluna qoymaq arzusunda olduğunu dilə gətirib. Hələlik nə Martin, nə də qrupun digər üzvləri bu təklifə münasibətlərini açıqlamayıblar.