«Herkules» tədqiqat gəmisinin amerikalı arxeoloqları Çernoqoriya sahillərindəki Kotor körfəzində gəmi qalıqları aşkar ediblər. «France Presse» agentliyinin məlumatına görə, gəmi qədim romalılar tərəfindən düzəldilib. Çernoqoriyanın mədəni irsinin qorunması institutunun nümayəndələri tapılan qalıqların yük gəmisinin hissələri olduğunu güman edirlər. Ərazi zəruri mühafizə ilə təmin edilməyənə qədər, gəminin məhz harada tapıldığı açıqlanmayacaq. Qeyd edək ki, müasir Çernoqoriyanın ərazisi vaxtilə Roma imperiyasının tərkibinə daxil olub. Bizim eranın VI əsrində isə ərazidə slavyanlar məskunlaşıblar.
   Son vaxtlar Kotor körfəzində ən azı iki digər tapıntı barədə məlumat daxil olub. Məsələn, körfəzdə İkinci Dünya müharibəsi dövrünə aid olan alman sualtı qayığı aşkar edilib. Bundan əlavə, ərazidə başqa bir daha müasir gəmi də tapılıb. Lakin sonuncu tapıntı barədə heç bir məlumat verilmir.