Belqradda tramvay xəttini təmir edən yol inşaatçıları bizim eranın II əsrinə aid olduğu ehtimal edilən Roma hərbi düşərgəsinin qalıqlarına rast gəliblər. Serbiya paytaxtının Arxeologiya İnstitutunun mütəxəssisləri bildirirlər ki, inşaatçılar legioner baraklarının, zabit evlərinin və anbarların izlərini tapıblar. Bu barədə «France Presse» agentliyi «Politika» qəzetinə istinadən xəbər yayıb. Eyniadlı qalanı əhatə edən Kalemeqdan parkının kənarında yerləşən düşərgənin daxilində IV əsrə aid yol da aşkar olunub. Romalılar Belqradı Sinqidinum adlandırırlarmış. Onların Sava və Dunay çaylarının kəsişməsində yerləşən bu qalada qalmaları barədə yazılar bizim eranın I-V əsrlərinə aiddir.