Rejissor Darren Arnofski «Qara qu quşu» adlı yeni filmin çəkilişlərinə başlayır. Bu film Nyu Yorkda balet dünyasından bəhs edir. «The Hollywood Reporter»un məlumatına görə, baş rolu ifa etməyə aktrisa Natali Portman dəvət edilib.
   Ssenariyə görə, böyük premyera ərəfəsində teatrda prima-balerina rolunu ifa edən Portmanın çox təhlükəli rəqibi peyda olur. Bu rəqib daim baş qəhrəmana maneəçilik törətməyə çalışır. Premyera yaxınlaşdıqca, baş qəhrəman da rəqibindən daha çox qorxur.
   Ssenarini oxuyanlar bildirirlər ki, bu filmdə digər mistik filmlərin izi görünür. Məsələn, «Qara qu quşu»nda Nikol Kidmanın çəkildiyi «Başqaları» filminin elementlərindən istifadə olunur. Tamaşaçılar sona qədər nəyin reallıq, nəyinsə xülya olduğunu anlamayacaqlar.
   «Qara qu quşu»nun ssenarisinin birinci variantı Con MakLaflin tərəfindən 2007-ci ildə yazılıb. Amma «Universal» kinostudiyası ssenarini satışa çıxarıb. Sonradan «Protozoa Pictures» şirkətinin icraçı prodüseri Mark Heyman mətni yenidən yazıb.
   Əgər studiya Darren Arnofskiyə pul tapa bilsə, filmin çəkilişləri bu il başlayacaq.