Rejissor Stiven Spilberq arxeoloq İndiana Consun başına gələn macəralardan bəhs edən beşinci film üzərində işləməyə başlayıb. Bu barədə «BBC»yə müsahibəsində «İndiana Cons və ya Büllur Kəllə Krallığı» filmində İndiananın oğlu rolunu oynayın Şia La Bef bildirib.
   Bu məlumat kino dünyası üçün gözlənilməz olmayıb. Çünki məşhur ssenariçi və prodüser Corc Lukas hələ dördüncü hissə ekrana buraxılmamış beşinci filmin çəkilməsi planlarının olduğundan danışıb, eləcə də əsas rola 66 yaşlı Harrison Fordu deyil, gənc La Befi çəkməyi məsləhət görüb.
   Aktyor isə film barədə geniş danışmayaraq ancaq onu deyib ki, beşinci hissədə heç bir xüsusi effekt olmayacaq: «Stiven Spilberq mənə dedi ki, nəhayət, film üçün uğurlu hekayə tapıb. Mən də güman edirəm ki, artıq filmin çəkilişləri başlayıb».
   Xatırladaq ki, büdcəsi 185 milyon dollar olan «İndiana Cons və ya Büllur Kəllə Krallığı» ekrana buraxılandan sonra 800 milyon dollar toplayıb. Bu, üçüncü və dördüncü hissələrin arasındakı 20 il ərzində İndiana Consa tamaşaçı marağının nəinki itmədiyini, əksinə, daha da artdığını göstərir.