İyunun 20-də Afinada Akropolun yeni muzeyinin açılışı olub. «RİA Novosti» agentliyinin məlumatına görə, açılış mərasimində Avropa Komissiyasının sədri Joze Manuel Barrozo, YUNESKO-nun baş direktoru Koitiro Matsuura, eləcə də 30 ölkədən nümayəndə heyəti iştirak edib. 25 min kvadrat metr sahəsi olan üçqat muzey Akropol dağının ətəyində - metro stansiyasının yaxınlığında yerləşir. İsveçrəli arxitektor Bernardo Şuminin layihəsi əsasında tikilən binaya 130 milyon avro xərc çəkilib.
   Yaradıcıların fikrincə, yeni muzey antik heykəltəraşlığın ən böyük kolleksiyalarından biri olmalıdır. Muzeydə Akropol məbədlərindəki heykəllər, təpədə tapılan əşyalar, Parfenonun indiyə qədər qalan fraqmentləri, eləcə də Akropolla bağlılığı olan, lakin müxtəlif dövrlərdə Yunanıstandan çıxarılan antik incəsənət əsərləri nümayiş etdiriləcək.
   Xatırladaq ki, yeni Akropol muzeyinin 2004-cü ildə - Afinada Yay Olimpiya oyunları keçirilən zaman açılması nəzərdə tutulmuşdu. Amma açılış dəfələrlə təxirə salınıb və bu ilin fevralında yekun müddət kimi iyunun 20-si göstərilib.
   Yunanıstan rəhbərliyinin fikrincə, yeni muzey ölkədən çıxarılan antik incəsənət əsərlərinin geri qaytarılmasına kömək edə bilər. Məsələn, Yunanıstan uzun müddətdir ki, XVIII və XIX əsrlərin kəsişməsində ölkədən Qərbi Avropaya çıxarılan Parfenonun heykəlinin qaytarılması üğrunda mübarizə aparır. Bu əsərlərin çoxu britaniyalı diplomat lord Elqin tərəfinən 200 il əvvəl Böyük Britaniyaya aparılıb və hazırda da Britaniya muzeyində saxlanılır.