Buffalo universitetinin nəzdindəki muzeydə ispaniyalı sürrealist Salvador Dalinin naməlum əsərləri göstəriləcək. Bu barədə «Associated Press» agentliyi məlumat yayıb.
   Ekspozisiya iyun və avqust aylarında ziyarətçilər üçün açıq olacaq. Ümumiyyətlə, sərgidə rəssamın həkim-dermatoloq Edmund Klein üçün çəkdiyi 15 əsər nümayiş etdiriləcək. Klein 10 il ərzində Salvador Dalinin həkimi olub.
   Bu şəkillər Dalinin müalicəsinə görə özünəməxsus ödəniş vasitəsi olub və ancaq Klein üçün nəzərdə tutulub. Bu əsərlərin çoxu bilavasitə həkimin özünə həsr edilib.
   Kleinin ailəsi şəkilləri bankın qoruma şöbəsində saxlayırmış. Edmund Klein 1999-cu ildə vəfat edib. Onun dul qadını Marta isə 2009-cu ilin iyununda Dalinin indiyə kimi naməlum qalan əsərlərini insanlara nümayiş etdirmək qərarına gəlib. Sərgidən sonra Marta əsərləri satışa çıxarmaq niyyətindədir.