Moldova Elmlər Akademiyası məşhur sovet aktyoru Mixay Volontirə «Doctor Honoris Cauza» titulu verib. «İPN» agentliyinin məlumatına görə, fəxri ad ona «Moldova Respublikasının mədəni dəyərlərinin inkişaf etdirilməsində göstərdiyi əməyə görə» və 75 illiyi münasibətilə verilib. Qeyd edək ki, aktyor 75 illiyini martın 9-da qeyd edib.
   Elmlər Akademiyasının prezidenti Georgi Duka rəsmi mərasimdə çıxış edərək bildirib ki, Mixay Volontir şair Qriqori Vieru, bəstəkar Yevgeni Doqa və dramaturq İon Drutsa ilə bərabər Moldovanın fəxridir. Mixay Volontir uzun və məhsuldar karyerası ərzində bir çox məşhur filmlərdə iştirak edib. Onların arasında «Xüsusi diqqət zonasında», «Buqadan Vislaya kimi», «Qulyabanı izi» və digər filmləri göstərmək olar. Amma sözsüz ki, onun ən böyük və məşhur rolu «Qaraçı» və «Budulayın qayıtması» teleseriallarında oynadığı Budulay roludur.
   Aktyor Moldova SSR xalq artisti, SSRİ xalq artisti adlarını alıb, RSFSR dövlət mükafatı laureatıdır. Hazırda o, Vasile Aleksandri adına teatrda işləməkdə davam edir.
   Qeyd edk ki, Mixay Volontir «Azərbaycanfilm»in istehsalı olan «Tütək səsi» filmində də Cəbrayıl rolunu oynayıb.