«Billi öldürmək» filminin ulduzu aktrisa Deril Hanna nəqliyyat vasitələrinin işinə mane olmaq və polisə müqavimət ittihamı ilə həbs edilib. «Ananovo» resursunun məlumatına görə, aktrisa «Massey Energy Company» kömürçıxarma şirkətinin Qərbi Virciniya ştatında dağlardan birinin zirvəsini dağıtmasına və ətraf mühiti çirkləndirməsinə etiraz aksiyasında iştirak edirmiş.
   Aktrisa ilə bərabər aksiyada məşhur amerikalı alim, NASA mütəxəssisi Ceyms Hansen də iştirak edib. Nümayişçilər kömür hasilatı müəssisəsinə gedən yollardan birini bağlayıblar.
   Yerli polisin məlumatına görə, tutulanlar hamısı protokol yazılandan sonra evə buraxılıblar. Onları pul cəriməsi gözləyir.
   Bu «Massey Energy Company» şirkətinin hədəfə çevrildiyi ilk aksiya deyil. Etiraz nümayişlərinin dayanmadığını görən Reyli dairəsinin məhkəməsi 2009-cu ilin iyununda bu cür aksiyaların keçirilməsini qadağan edən xüsusi qətnamə çıxarıb.
   Xatırladaq ki, Deril Hanna «Ülgüc üzərində qaçan adam», «Gurultu» komediyası və «Uoll-strit» dramında iştirakı ilə də məşhurdur.