1977-ci ildə «You Light Up My Life» filminə yazdığı mahnıya görə «Oskar» mükafatı alan məşhur rejissor və bəstəkar Cozef Bruks 11 qadını zorlamaqda ittiham olunur. Bu barədə «Times Online» məlumat yayıb.
   İstintaqın gəldiyi nəticəyə görə, cinayətlərin hamısı 2005-2008-ci illər ərzində törədilib. Gənc qadınları səslərini dinləmək adı ilə Manhettendəki ofisinə dəvət edən Bruks hədə və zorakılıq yolu ilə onlarla cinsi əlaqəyə girirmiş. Zərərçəkən qadınlardan biri xəstəxanaya düşəndən sonra 71 yaşlı rejissorun cinayətinin üstü açılıb.
   Bruks özü bütün iddiaları rədd edir. Onun vəkili də müştərisinin günahsız olduğunu bildirərək, məhkəmənin diqqətini Bruksun 2008-ci ildə infarkt keçirdiyinə yönəldib.
   Buna baxmayaraq, Nyu York ştatının Ali Məhkəməsinin hakimi Çarlz Solomon Bruksun girov kimi 250 min dollar nağd pul ödəməsi barədə qərar çıxararaq ona prosesin sonuna qədər şəhərdən çıxmağı qadağan edib.
   Qeyd edək ki, Cozef Bruks günahkar bilinsə, onu 25 il həbs cəzası gözləyir.