Mərhum müğənni Maykl Ceksonun Londonda keçirilməli olan konsertinin təşkilatçısı «AEG Live» kompaniyası yeni təşəbbüslə çıxış edib. Bundan əvvəl satılan bütün biletlərin dəyərini ödəməyə hazır olan şirkət indi müğənninin pərəstişkarlarına biletləri qaytarmamağı tövsiyə edir.
   Şirkət nümayəndələrinin fikrincə, insanlar Ceksonun özünün dizaynı üzrə hazırlanan unikal bileti saxlayaraq daha böyük qazanc əldə etmiş olarlar.
   Xatırladaq ki, 50 konsertdən ibarət olmalı olan qastrol səfəri iyulun 13-də başlamalı idi. Amma Ceksonun gözlənilməz ölümündən sonra təşkilatçılar biletlərin dəyərini ödəmək üçün pul axtarmalı olub.
   Promouterlər əmindirlər ki, bilet üçün ödənilən 50-150 funt sterlinq pul unikal poliqrafiya və dizayna malik biletin özünün qiyməti ola bilər. Üzərində 3D haloqramı olan biletlər Ceksonun əhval-ruhiyyəsi və dizaynı üzrə 8 müxtəlif rəngdə buraxılıb. Şou Böyük Britaniya paytaxtı üçün 2009-cu ildə əsas hadisələrdən biri olmalı idi. Bu səbəbdən də «O2 Arena»ya 750 min ədəd bilet gələcəkdə kolleksiyaçılar üçün qiymətli əşyaya çevrilə bilər.