Maykl Ceksonun «Staples Centre» idman arenasındakı məşqlərinin audioyazısı iki albomun buraxılışı üçün kifayət edə bilər. Bu barədə «Sky News» telekanalına müğənninin Londonda verməyə hazırlaşdığı konsertlərin təşkilatçısı olan «AEG Live» promouter şirkətinin nümayəndələri danışıblar.
   Amma hələlik disklərin buraxılıb-buraxılmayacağı məlum deyil. Promouterlər bildiriblər ki, Ceksonun Los-Ancelesdəki məşqləri audio və video aparatlarla yazılıb. «AEG Live»nin prezidenti Rendi Fillips bildirib ki, çəkiliş komandası 100 saatdan çox video hazırlayıb.
   Təşkilatçıların fikrincə, videoyazılar Ceksonun dünya səhnəsinə qayıdışının özünəməxsus müşayiəti olmalıymış. Cekson səhnəyə qayıda bilməsə də, videomaterialın buraxılışını ləğv etməmək qərara alınıb.
   Yaxın vaxtlarda kadrlardan pop kralının xatirəsinə həsr olunan filmin çəkilişlərində istifadə ediləcək. Rendi Fillips filmin nə zaman hazır olacağını bildirməyib. Amma pərəstişkarlarına onun məşqinin qısa fraqmentinə baxmaq imkanı yaradılıb - İnternetdə 1,5 dəqiqəlik qısa videoçarx nümayiş etdirilib.
   «AEG Live»in rəhbəri bildirib ki, müğənninin ölümü ərəfəsində çox ağır vəziyyətdə olduğu, ağrılar səbəbindən ümumiyyətlə, məşq edə bilmədiyi barədə yayılan şayiələr onu iyunun 23-də - Ceksonun ölümündən cəmi 2 gün əvvəl çəkilən kadrları nümayiş etdirməyə məcbur edib: «Bu cür şayiələri eşitmək mənim zəhləmi töküb. Ona görə də ölümündən 2 gün əvvəl çəkilən kadrları nümayiş etdirmək qərarına gəldik. London şousuna hazırlaşan zaman Ceksonun yanında olan insanlar da onun nəinki zəif və xəstə olduğunu, əksinə, özünü son dərəcə gümrah hiss etdiyini və səhnədə enerjili gəzdiyini bildirirlər».