Maykl Ceksonun ilk dəfə çıxış etdiyi gecə klubunun səhnəsi hissələrə bölünəcək və pərəstişkarlarına satılacaq. «France Presse» agentliyinin məlumatına görə, bunu səhnənin yerləşdiyi gecə klubunun sahibi bildirib.
   Maykl Cekson 1966-cı ilin sonunda «Jackson 5» qrupunun tərkibində məhz «Mr. Luckys Lounge» klubunun səhnəsində çıxış edib. Bu klub İndiana ştatının Qeri şəhərində yerləşir.
   «Mr. Luckys Lounge» klubu bir neçə il əvvəl bağlanıb. 2008-ci ildə klubu yerli biznesmen Endryu Yanq alıb. O, yenidənqurma işlərindən sonra klubu yenidən açmağı planlaşdırırmış.
   Lakin Maykl Ceksonun ölümündən sonra klubun sahibi planlarını dəyişib. İndi o, klubu, ümumiyyətlə, hissələrə bölərək Ceksonun pərəstişkarlarına satmaq niyyətindədir. Yanq bildirib ki, klub 1966-cı ildən sonra dəyişməyib. Məsələn, pop kralının çıxış etdiyi taxta səhnə hələ də yerindədir.
   Yanq tarixi binanı bugünlərdə işə salınacaq İnternet saytı vasitəsilə satmağı planlaşdırır. Biznesmen ümid edir ki, pərəstişkarları «kral»ın sənətdə ilk addımlarını atdığı tarixi əşyalara diqqət göstərəcəklər.
   Yanqın ümidləri əbəs deyil. Məsələ ondadır ki, Maykl Ceksonun ölümü bütün dünyada onun yaradıcılığına olan marağı yenidən aktuallaşdırıb. Onun albomları uzun illərdən sonra yenə də reytinqlərdə birinci yeri tutub.