Populyar çinli aktyor Cet Li Sinqapur vətəndaşlığını qəbul edib. Bu barədə «France Presse» agentliyi Sinqapur mətbuatına istinadən məlumat verir. Cet Linin Sinqapur vətəndaşlığını qəbul etdiyi və bu ölkədə 14 milyon dollara malikanə aldığını ilk olaraq yerli «The Business Times» qəzeti yazıb. Qəzet mənbələrini açıqlamayıb. «France Presse» informasiyanı dəqiqləşdirə bilməyib. Çünki aktyorun menecerləri şərh verməyərək susmağa üstünlük veriblər. Sinqapur Miqrasiya Xidməti isə bu cür informasiyaların məxfi saxlanıldığını bəyan edib.
   Cet Li Sinqapur vətəndaşlığını alan ilk çinli aktyor deyil. Ondan əvvəl «Qeyşanın memuarları» filmindəki rolu ilə məşhurluq qazanan aktrisa Qun Li də 2008-ci ildə sinqapurlu olub.
   46 yaşlı Cet Li (əsl adı Li Lyantszedir) 2008-ci ildə «Hong Kong Film Awards» festivalının «Ən yaxşı aktyor» nominasiyasında əsas mükafatı alıb. Bu mükafat ona «Qan qardaşları» filmindəki general Pan Tsin-Yun roluna görə verilib. Li karyerası ərzində 30-dan çox filmdə çəkilib.