Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, Afrika qitəsinin əhalisi 2070-ci ilə qədər iki dəfə artaraq 3,2 milyarda çatacaq.

Təşkilatın demoqrafik vəziyyətə dair son hesabatına görə, Avropa və Asiya qitələrində isə əhalinin artım tempi sürətlə aşağı düşür.

“Avropanın əhalisi artıq azalmağa başlayıb. Bu tendensiya davam edəcək. Asiya və Latın Amerikasında əhalinin 2050-ci illərdən başlayaraq azalması proqnozlaşdırılır”, – deyə hesabatda bildirilir.

Qeyd olunur ki, Afrikanın gənc əhalisi iqtisadi inkişaf üçün böyük potensial yaradır. Lakin bu sürətli artım təhsil, səhiyyə və infrastruktur sahələrində ciddi problemlər doğura bilər. Avropa və Asiyada əhalinin azalması iqtisadi artıma təsir edə bilər. Lakin bu, eyni zamanda ekoloji davamlılıq və resurslardan daha səmərəli istifadə baxımından yeni imkanlar yarada bilər.

2023-cü ildə dünya əhalisinin 8 milyarda çatmasından sonra demoqrafik temp qismən zəifləyib. Son yarım əsrdə hər 12-13 ilə 1 milyard artım vardısa, indən sonra bu qədər artım üçün ən azı 20 il lazım olacaq.