Müğənninin pərəstişkarına sərvət gətirib

 

Dünyaca ünlü amerikalı müğənni Teylor Sviftin (Taylor Swift) Rio-de-Janeyro şəhərindəki (Braziliya) konserti zamanı çəkməsinin dabanının qopması xəstəxanada xərçənglə çarpışan bir nəfərin həyatını xilas edib.

Səhnədə ayaqqabısının dabanının qopduğunu görən müğənni onu tamaşaçılara tərəf tullayıb və Felipe Konrado adlı pərəstişkar dabanı havada tutub. Bu, bir növ göydən onun üzərinə düşən sərvət imiş.

F.Konrado xatırlayır ki, müğənni səhnədə qəfildən dönüb ona tərəf nəsə atıb: “Mən onu havada tutdum və nə olduğuna fikir vermədən dərhal çantama qoydum. Yalnız bir də çantaya baxanda başa düşdüm ki, mən indicə orijinal “Eras Tour” qarderobundan tarixi bir əşya əldə etmişəm”.

O, bir müddət əvvəl xərçəng diaqnozu qoyulan 37 yaşlı bacısı Anjelanın müalicəsini ödəmək üçün ulduz sənətçinin çəkməsinin dabanını satışa çıxarıb. Bu xəbər böyük rezonans doğurub və Sviftin pərəstişkarları Konradonun hekayəsindən təsirlənərək onun bacısının müalicəsi üçün pul toplamaq üçün kampaniya başladıblar. Onlar həmçinin Konradonu çəkmə dabanını satmamağa razı salıblar.

Nəticədə Teylor Sviftin braziliyalı pərəstişkarının bacısı birinci müalicə kursunu bitirib.

“Bacım özünü yaxşı hiss edir. Bir ayaqqabı dabanı, lap nağıllarda olduğu kimi, bizi çətinlikdən xilas etdi. Yuxuda belə bunu görəcəyimi təsəvvür etməzdim. Bu mənə Zoluşka hekayəsini xatırladır”, – deyə o bildirib.

Qeyd edək ki, amerikalı müğənninin 2023-cü ilin martından 2024-cü ilin dekabrınadək davam edən “The Eras Tour” ümumilikdə 152 konsertdən ibarət olub. Əsasən stadionlarda keçirilən konsertlərə orta hesabla 50-60 min tamaşaçı gəlib.

Dünya üzrə zənginlərin varidatını hesablayan “Forbes”in məlumatına görə, 34 yaşlı Teylor Svift 2024-cü ildə “milyarderlər klubu”na daxil olub. Hazırda onun sərvətinin 1,6 milyard dollara çatdığı və musiqi sənayesinin ən zəngin qadını olduğu bildirilir.

V.Orxan