İnsan həyatının kövrəkliyini göstərən poetik nəsrə görə...
2024-cü ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı Cənubi Koreya yazıçısı Han Kang olub. İsveç Kral Elmlər Akademiyası bu qərarı oktyabrın 10-da elan edib.
54 yaşlı yazıçı tarixi travmaları və insan həyatının kövrəkliyini göstərən poetik nəsrə görə bu mükafata layiq görülüb.
Han Kang 1970-ci ildə Cənubi Koreyada anadan olub. Yonsey Universitetində ədəbiyyat üzrə təhsil alıb. 1993-cü ildə şeirləri yerli dərgilərdə çap olunub. Növbəti ildə “Qırmızı lövbər” adlı qısa hekayəsi “Seul Şinmun” müsabiqəsində qalib gəlib. Sonralar “İ Sanq” ədəbiyyat mükafatı, “Koreya roman ədəbiyyatı” və s. mükafatlara layiq görülüb.
Han Kang 2016-cı ildə ingilis dilinə tərcümə edilərək nəşr olunan “Vegeterian” romanı ilə Beynəlxalq Buker mükafatına (The International Booker Prize) layiq görülüb. Bu mükafat ingilis dilinə tərcümə olunmuş və Böyük Britaniyada çap edilmiş əsərlərə verilir. Əsər xəstə olan və ailəsinin etinasızlığı ilə qarşılaşan qadının həyatından bəhs edir. Qeyd edək ki, müəllifin bu əsəri Azərbaycan dilində də çap olunub.
Ədəbiyyat üzrə Nobel mükafatı İsveç Kral Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsində əhəmiyyətli töhfələr verən müəlliflərə təqdim olunur. Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş beş Nobel mükafatından biridir və 1901-ci ildən verilir.
Mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə (Nobel Komitəsi) tərəfindən verilir. Laureat medal, diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.
***
Qeyd edək ki, ənənəvi Nobel həftəsində 7 oktyabrda fiziologiya və tibb, 8 oktyabrda fizika, oktyabrın 9-da isə kimya sahəsində laureatlar elan edilib.
2024-cü il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatının laureatları amerikalı alimlər Viktor Ambros və Qeri Ruvkun (mikroRNT-nin kəşfi və onun posttranskripsiya gen tənzimləməsində rolunun tədqiqinə görə) olub.
Fizika sahəsində Nobel mükafatını ABŞ-nin Prinston Universitetindən Con Hopfild və Kanadanın Toronto Universitetindən Ceofrey Hinton qazanıblar. Mükafat onların süni neyron şəbəkələri ilə maşın öyrənməsinə imkan verən kəşf və ixtiralarına görə verilib.
2024-cü il üzrə kimya sahəsində Nobel mükafatı isə həyatın açarı sayılan protein tədqiqi sahəsində çalışan üç alimə verilib. Devid Beyker “hesablamalı zülal dizaynı”, Demis Hassabis və Con Camper “zülal strukturunun proqnozlaşdırılması” üzrə tədqiqatlara görə bu mükafata layiq görülüblər.
Beşinci – iqtisad elmi üzrə Nobel mükafatının laureat(lar)ı oktyabrın 11-də elan olunmalıdır.