Aydakı kraterlərdən birinə Maykl Ceksonun adı verilib. Yeni adın qeydiyyatdan keçməsi ilə bağlı «Ay Respublikası» (Lunar Republic Society) təşkilatının ekspert komissiyası tərəfindən qərar qəbul olunub.
   Təşkilat kraterin belə adlandırılması barədə qərarını iyulun 6-da - Ceksonla vida mərasimindən bir gün öncə açıqlayıb. Maraqlıdır ki, hazırda «Maykl Cozef Cekson» adlandırılan krater bundan əvvəl qədim yunan filosofu, astronomu və cografiyaşünası Posidoniyin şərəfinə «Posidoniy Cey» adlanırmış.
   «Ay Respublikası»nın ekspertləri bildiriblər ki, krateri bilərəkdən müğənninin tam adı ilə adlandırmaq qərarına gəliblər. Çünki onu digər «Cekson» krateri - şotland astronomu Con Ceksonun adını daşıyan kraterlə səhv sala bilərlər.
   Cekson kraterinin diametri 22 kilometrdir. «Yuxu gölü» rayonunda yerləşən bu dərinlik Maykl Ceksonun 2005-ci ilin iyununda aldığı «Ay səthi» ərazisindədir. «Ay Respublikası»nda bildiriblər ki, vizit kartı məşhur «ay yerişi» olan Cekson Ayda yüz min kilometrlərlə ərazi alıb və Yer kürəsinin təbii peykində ən böyük sahibkarlardan biridir.