Yerli telekanallarımızın efirlərində yayımlanan maqazin, bazar, univermaq, hətta “aeroportdakı talkuçka” tipli şou- proqram və verilişlərdən danışmaq fikrim yoxdur boşuna! Onsuz da onlar özləri haqda eşitdikləri hər tənqidi fikri bir qulaqlarından alıb o birindən verirlər. Dəyişən bir şey yoxdur. Nəticə: yalnız tənqidçilərin söz ehtiyatı tükənir...   

   Sizə, sadəcə, maraqsız bir əhvalat danışmaq istəyirəm. O gün televizorda həmişəki kimi baxmağa fərli bir şey olmadığından, dostlarımızla teleefirlərimizdə gedən verilişlərdən bir neçəsinin təqlidini çıxarmaq qərarına gəldik. Bekarçılığın acı nəticəsi də budur, özümüzü o səviyyəyə layiq gördük yəni... Həm də Allahın «Xəzər»də gedən adicə xəbər proqramında da plagiatlıq sezilirsə, daha neyləyək? Qoy bir dəfə də bizimkilərin təqlidini çıxaran tapılsın da... Nə vaxta qədər elə bizimkilər baxacaq bu parodiya işinə?
   Əsəblərimizin normal halından kənara mütləq çıxacağını bildiyimizdən, axıra qalmasın deyə, ANS- in efirində yayımlanan “Dahilərin divanı” şou-proqramından, üzr istəyirəm, proqramından başlamağı doğru bildik. İntellektual səviyyə cəhətdən, təbii ki, verilişin əsl aparıcısı Nadir Bədəlovdan geri qalsam da, bu cür ciddi proqramın aparıcısı olmaq kimi çətin bir işi dostlarımın boynuna ata bilməzdim. Ona görə də, bu ağır məsuliyyəti öz çiyinlərimə götürməyi qət etdim. Aparıcı seçimini uğurla başa vurduq, məsələ qonaqlara gəlincə isə... burda bir qədər ilişməli olduq. Hamısı olmasa da, ən azından 2- si minimum orta təhsil səviyyəsində bilik sahibi olmalıydı. Ağır polemika aparacaqdıq axı... Amma sonra mən aparıcının ağlına belə bir fikir gəldi: Qonaqlarımın savadlı olub- olmamasının elə də böyük bir fərqi yoxdur. Axı onsuz da məndən başqa danışan olmayacaq! Qonaqlara ağız açmağa imkan verən kimdir ki? Bütün veriliş boyu mövzunu bir kənara qoyub hamıya savadlı olduğumu sübut etməklə məşğul olacam. Ki bu da ən azından 1 saatlıq efir vaxtını doldurmaq üçün mənə yetər.
   Qaldı mövzu... Mövzu deyəndə ki, tarixdə öz sözünü demiş, Azərbaycanın siyasi, ədəbi həyatında əvəzsiz xidmətləri olmuş bir dahi şəxsiyyəti seçib onun dahilik mövqeyini sual altına qoyacağıq da... Burda nə var ki? Hmmm, məsəlçün seçək Nizami Gəncəvini: Bu gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi, üzü aydan da gözəl nazlı nigar gəlmiş idi... Yox, yaxşısı budur, Hüseyn Cavidi götürək. “Gəldin də neçin pəmbə buludlar kimi axdın, bilməm niyə getdin, niyə döndün, niyə baxdın?”- deyən Cavidi! Aha, tapdım, müzakirə obyektimiz Məhəmməd Füzulidir: Degildim mən sənə mail, sən etdin əqlimi zail, mənə tən eyləyən qafil, səni görcək utanmazmı? Ay Allah, elə indicə anladım ki, dahiliyinə ən çox şübhəm olan şəxs Füzuli imiş... Bilməmişəm...
   İnternetdə “axtarış” elan edib dahiliyini şübhə altına aldığımız şəxsiyyətin həyat və yaradıcılığı haqqında lazımi məlumat yığdıqdan sonra, proqramı açıq elan etdim. Əvvəl tamaşaçıları, sonra isə qonaqlarımı bircə- bircə salamlayıb mövzumuzu açıqladım. İlk sualımı 1- ci sırada əyləşən qonağıma ünvanladım və anındaca cavabını verdim. Bəh- bəh... Bilirsiniz nə ləzzətli hissdir? Əminsən ki, sənə baxan bərəlmiş gözlərin təəccüb səbəbi sənin biliyinin səviyyəsidir.
   Şəhadət barmağımı havada əsdirə- əsdirə 2- ci sualımı səsləndirib elə cavablandırmaq istəyirdim ki, qonaqlarımdan biri nə isə demək istədi. Onun sözünü yarımçıq kəsib sözə başlayan 2- ci qonağım da mənim “Bir dəqiqə! Mənə qulaq asın!” əmrimi eşitmədi və mən də anladım ki, reklamların əsl yeridir...
   Az qala, yadımdan çıxmışdı. Bizim burada müzakirə adı ilə aydınlaşdırmağa çalışdığımız mövzuları, əksinə daha da qarışdırıb qoymağımızın, bir-birimizin sözünü dinləmədən öz fikrimizi yeritməyimizin, ağıllı olduğumuzu sübuta yetirmək üçün canla-başla çalışmağımızın, düşmənin də bizi izləmə ehtimalı olmasına baxmayaraq, bütün tarixi keçmişimizi xırdalıqlarına qədər açıb ortalığa tökməyimizin heç bir mənası yoxdur əslində! Çünki hər şeyi sms-lər həll edir....
   Müzakirə zamanı onsuz da özümü dahi kimi hiss etməyə başlamışdım. Hər halda, biz burada Füzulinin dahi olub-olmamasını müzakirə ediriksə, deməli, ondan artıq dahiymişik, xəbərimiz yox! Amma bu sms söhbətindən sonra anladım ki, bu müzakirədə son qərarı “Azercell” abonentləri verəcək!... Lap ağlamağım gəldi... Amma reallığı qəbul etməyə məhkum idim...
   Verilişimiz sona çatdı. Düşündük ki, bəlkə indi də ATV-də yayımlanan “Çal-çağır” şousu yaradaq! Amma sonra fikirləşdik ki, sadəcə mətbəx qapısını açıb içəri gizli kamera yerləşdirsək, analarımızın qayınana-gəlin münasibətləri, müxtəlif yemək reseptləri, ekstrasens və falçılar haqqında gedən söz- söhbətlər, ruhlar barədə yayılan ən isti “şok” xəbərlər barədə apardıqları polemika, elə tam təbii şəkildə, bu verilişin təqlid variantı olar... Vaz keçdik!
   «Xəzər» telekanalına müraciət etdik. Az-çox tanınmış cütlük Azər və Vüsalənin təqdimatında yayımlanan “Eldən elə” verilişinə. Amma heç nəyimiz düz gəlmədi. Nə aramızda elə bir cütlük var idi ki, oğlan danışanda qız efirdə veriliş apardığını unudaraq, gözlərini ona zilləsin. Oğlan sözünü bitirib mikrofonu ona uzadanda da fikri başqa yerdə olduğundan söhbətin nədən getdiyini təyin edə bilmədiyini gizlətmək üçün sponsorların adını sadalayıb tökməyə başlasın. Sponsor demişkən, heç elə bir sanballı sponsorumuz da yox idi ki, onun şotuna yanımıza müğənni tayfasından bir nümayəndə də salıb düşək xarici ölkələrdən birinin küçələrinin canına. İstirahət mərkəzindən vurub, əyləncə klubundan çıxaq, görməli yerlərdə gəzə-gəzə boş-boş danışıb, zarafatlaşıb kef çəkək. Hələ üstəlik arada bir restoranlarda, kafelərdə ləzzətli yeməklərdən yeyə-yeyə efirdən bizə baxan kasıb- kusubun ağzının suyunu axıdaq. “Bizim bu əyləncə dünyamızın yanında sizin o “ev-iş, iş-ev” həyatınız mənasız günlərin yığınıdır!”- deyə, onlara kasıb və dünya ləzzətlərindən bixəbər olmalarının peşmançılığını çəkdirək. Tam “Eldən-elə” proqramının etdiyi kimi...
   Bu yerdə oyunu başa vurmalı olduq. Azərbaycanda kinayədolu yamsılanmalı verilişlər çox idi. Amma bundan artığına dözə bilməzdik!
   
   P. S: “Dahilərin divanı” proqramının bütün yaradıcı kollektivi və tamaşaçıları adından Füzulinin ruhundan üzr istəyirəm. Gör, sən kimlərin müzakirəsinə və kimlərin sms-inə qalmısan, ey dahi?!
   
   Könül NƏCƏFOVA
   
konulnecefova@mail.ru