Dünyada elə yerlər var ki, onları “əfsanəvi məkanlar” adlandırsaq, heç də yanılmarıq. Belə yerlərdən ən maraqlısı, şübhəsiz ki, Hollivuddur. Kaliforniya ştatında yerləşən və dünyanın ən populyar məkanlarından biri hesab olunan Hollivud, demək olar ki, ABŞ kinoindustriyasının “sinonim”inə çevrilib.
   
   2006- cı ildə təsdiq olunmuş qanun layihəsinə əsasən, şimalda Melros Avenue, cənubda Bulvar Barham və Bulvar Kauenqa, şərqdə Beverli Hills, qərbdə isə Hiperion Avenue Hollivudun formal sərhədləri hesab olunur.

   Hollivudda yerə basdırılmış “Hollywood” reklam plakatı, əvvəllər “Hollywoodland” kimi məşhur idi. İlk dəfə 1923- cü ildə hazırlanmış bu plakata 21 min $ pul xərclənmişdi. Əslində, bu reklam plakatını 18 aylığa yerləşdirmək planlaşdırılsa da, artıq 80 ildən çoxdur ki, o, həmin yerdədir.
   1939- cu ildə minlərlə elektrik lampası ilə bəzədilən plakatın yerləşdiyi torpağın bir hissəsi Los-Anceles şəhərinə satıldı. 1949- cu ildə plakatdan L, A, N və D hərfləri çıxarıldı və elə o vaxtdan da “Hollywood” olaraq qaldı.
   Zamanla plakatdakı hərflər yıxılmağa başladı. 1978- ci ildə “Pleyboy” jurnalının yaradıcısı Xu Xefner hərflərin auksionunu təşkil etdi. 3 ay ərzində keçirilən auksionda, Amerika rok- musiqiçisi Ellis Kuper “O” hərfinin bərpası üçün sponsorluğu boynuna götürdü. Cin Otri və Pol Uiliams isə, “L” və “W” hərflərinin bərpaçı sponsorları oldu. Beləliklə, “Hollywood” öz görünüşünü bərpa etmiş oldu.
   ABŞ-ın dünyaca məşhur kinoulduzlarının məkanı sayılan Hollivudda çoxlu teatrlar da var. Hətta həmin məşhurların əksəriyyəti səhnəyə ilk addımlarını elə həmin teatrlarda atıblar.
   Məsələn, 1927- ci ilin mayında Hollivudda açılmış Qraumanın Çin teatrı tez bir zamanda nəinki ABŞ- ın, hətta dünyanın ən populyar və əfsanəvi teatrları sırasına daxil olub. Bu teatr öz görünüşü ilə hətta turistləri də özünə cəlb etməyi bacarır. Onun cəlbedici xüsusiyyəti təxminən 30 metrə yaxın hündürlüyə malik yaşıl-gümüşü damıdır. Həmin Çin teatrında Çinə aid maraqlı eksponatlar da sərgilənib. Bu, Çin mədəniyyətinin Hollivuddakı əsl təbliğat simvoludur. Teatrın qarşısındakı meydançalardan birinin yerində Hollivudun əfsanəvi ulduzlarının əl və ayaq izləri var. Yerdə təsvir olunmuş ulduzların üstündə Merilin Monro, Cudi Qarland, Cek Nikolson kimi dünyaşöhrətli aktyorların da adını, əl və ayaq izlərini, imzasını görmək olar.
   Hollivudun digər bir məşhur teatrı “El Kapitan” adlanır. Bir çox canlı şou-proqramlar və dünya kinopremyeraları həmin teatrda keçirilir.
   2001- ci ildə Hollivudun düz ürəyində “Kodak” adlı teatr da açılıb. 3000-dən artıq tamaşaçı qəbul etmək imkanına malik teatr Amerika kino incəsənətinin akademik premiyası olan “Oskar” mükafatlandırma mərasiminin ilk daimi keçirilmə məkanı sayılır. Digər məşhur və maraqlı teatrlar arasında Misir teatrının da adını çəkmək lazımdır. Bu teatrda tez-tez filmlər, musiqili tamaşalar nümayiş olunur, konsertlər keçirilir.
   Hollivudun şimal-qərbində salınmış “Hollywood” hoteli, məhz buranın kinoulduzlarının çox vaxt nahar və şam etdikləri ilk hoteldir.
   Hollivudun ən birinci restoranı və çoxlarının ən sevimli məskəni “Musso&Frank Qrill” restoranıdır.
   Hollivudun ilk gecə klubu isə “Monmarte” adlı kafe olub. Deyilənə görə, hətta aktrisa Con Kroufordun şöhrəti məhz buradan başlayıb.
   
   Könül NƏCƏFOVA