Məşhur aktyor Mel Gibson Hollivudun digər məşhur aktrisası Cudi Fosterin rejissoru olacağı «Qunduz» filminə çəkiləcək. «Variety»nin məlumatına görə, Gibson depressiyadan əziyyət çəkən və ancaq oyuncaq qunduzla ünsiyyətdən rahatlıq tapan qəhrəmanın obrazını canlandıracaq. Foster özü Gibsonun qəhrəmanının həyat yoldaşını oynayacaq.
   Büdcəsi 18-19 milyon dollar olacaq filmin çəkilişləri 2009-cu ilin sentyabrında başlayacaq və əsasən Nyu-Yorkda olacaq.
   Gözlənildiyinə görə, Gibsonun «İcon» studiyası da filmin çəkilişlərinə qoşulacaq. Amma bu şirkətin çəkilişlərdəki iştirakının şərtləri hələ müzakirə ediləcək.
   Mel Gibson və Cudi Foster artıq çəkiliş meydanında görüşüblər. Onların çəkildiyi «Maverik» filmi 1994-cü ildə ekranlara çıxıb. Film dünya prokatında 183 milyon dollar toplayıb.
   Xatırladaq ki, 2009-cu ilin aprelində Mel Gibsonun həyat yoldaşı 28 illik ailə həyatından sonra boşanmaq ərizəsi ilə məhkəməyə müraciət edib. Bundan az sonra Gibson yeni sevgilisi - rusiyalı müğənni Oksana Qriqoryeva ilə cəmiyyət arasına çıxıb. Qriqoryevanın Gibsondan uşaq gözlədiyi bildirilir.
   Aktyorun boşanması Hollivud tarixində ən bahalısı ola bilər. Çünki Gibsonun varidatının 1 milyard dollara yaxın olduğu məlumdur.