Məşhur Hollivud aktyoru Ben Afflek digər məşhur aktrisa və müğənni Cenifer Lopeslə uğursuz sevgi romanının səbəblərini açıqlayıb. «Contact Music» resursu bildirir ki, Afflek müsahibələrindən birində Lopeslə romanının KİV-in həddən artıq diqqətini cəlb etdiyini və bunun da onun karyerasına mənfi təsir göstərdiyini qeyd edib.
   Aktyor artıq həyatına nəzarət edə bilmədiyini vurğulayıb: «Mən özümü itirilmiş və bədbəxt hesab edirdim. Mən bu yolla getməməli və həyatımın ictimailəşməsinə imkan verməməliydim».
   Onun sözlərinə görə, mətbuatın yaratdığı ajiotaj onu «fasilə götürməyə» və ehtirasların soyumasını gözləməyə məcbur edib. O, bu müddət ərzində aktrisa Cennifer Qarnerlə ailə həyatı qurub və onların iki övladı doğulub - Vayolet və Serafina. Ailə həyatı Afflekin düşüncələrini dəyişib: «Artıq işim həyatımda əvvəlki kimi əsas yeri tutmur».
   Afflek və Lopes arasında sevgi romanı 2002-ci ildə çəkiliş meydanında yaranıb və 2004-cü ilə qədər davam edib. Cütlük nişanlanandan cəmi bir neçə ay sonra ayrılıb.