Rusiyanın Mədəni İrsin Qorunması Federal Xidməti (Rosoxrankultura) 2009-cu ilin birinci kvartalında ölkənin 1300 muzeyində 14 min eksponatın çatışmadığını müəyyən edib. Bu eksponatlardan 3 minə qədəri İkinci Dünya müharibəsi dövründə itib. Yerdə qalan 11 min eksponatın itməsinin səbəbləri isə məlum deyil. «RİA Novosti» agentliyinin məlumatına görə, bu barədə idarə rəhbərinin müavini Viktor Petrakov bildirib. Rusiya muzeylərində yoxlama 2007-ci ildən aparılır. Bu yoxlama 2006-cı ilin yayında Ermitaj dövlət fondlarından iri miqyasda oğurluq hallarının müəyyən edilməsindən sonra başlanılıb. Qeyd edək ki, indiyə qədər məmurlar itmiş əsərlərin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndiriblər: 160 min (2007-ci ilin yayı), 50 min (2008-ci ilin yayı), 86 min (2008-ci ilin payızı). Bu səbəbdən də, hələlik hansı rəqəmin dəqiq olduğu bəlli deyil.
   Bir çox hallarda eksponatların itməsinin səbəbi kimi muzeylərdə yenidənqurma işlərinin aparılması, qeydiyyat və saxlanmanın pis təşkil edilməsi göstərilir. Petrakov nümunə kimi İdman Muzeyini göstərib. Bu muzeydə qeydiyyatda 187 min eksponatın olduğu göstərilir. Faktiki olaraq isə muzeydə cəmi 80 min eksponat var.