Prezident İlham Əliyev inşaat işlərinin gedişi ilə tanış olub
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyulun 26-da Dövlət Bayrağı meydanında başa çatan tamamlama işləri ilə yaxından tanış olublar.       

    Dövlət başçısına həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Dövlət Bayrağı Meydanında əsas dövlət rəmzlərimizdən olan Azərbaycanın nəhəng gerbi hazırlanıb. Bürüncdən düzəldilmiş gerbin üzəri qızılla işlənilib. Gerb Dövlət Bayrağı Meydanının, eləcə də paytaxtın bu hissəsinin görkəminin möhtəşəmliyini daha da artıracaq, onun görünüşünə əlavə çalarlar qatacaq.
   Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya meydanda yaradılan zəngin muzey barədə də geniş məlumat verilib. Muzeyə baxış zamanı bildirilib ki, burada bayraq və digər dövlət rəmzləri ilə bağlı dəyərli eksponatlar toplanıb.
   Prezident İlham Əliyevə Dövlət Bayrağı Meydanının ərazisinin genişləndirilməsi, abadlaşdırılması, landşaftının işlənməsi istiqamətində həyata keçiriləcək işlər və görüləcək digər tədbirlər barədə də məlumat verilib.
   Dövlət Bayrağı Meydanında tamamlama işləri ilə yaxından tanış olan dövlət başçısı tapşırıq və tövsiyələrini verib.
   Xatırladaq ki, “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” prezident sərəncamı 2007-ci il noyabrın 17-də verilib. Həmin il dekabrın 30-da meydanın təməlqoyma mərasimi keçirilib. Paytaxtın Bayıl qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında inşa edilən meydanın ərazisi 20 min kvadratmetrdir. ABŞ-ın “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirir. Amerika şirkəti indiyədək Fars körfəzi regionunda üç nəhəng Dövlət bayrağı meydanı tikib, Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) 123 metrlik, Əmmanda 127 metrlik, Aqabada (hər ikisi İordaniya) isə 131 metrlik bayraq dayağı quraşdırıb.
   Bakıda inşa edilən meydanda ucaldılacaq dövlət bayrağının dayağının hündürlüyü isə 162 metrdir. Xas poladdan olan dor ağacının ağırlığı təxminən 300 tondur. Bayrağın özünün ölçüsü isə 35x70 metr (sahəsi 2450 kvadratmetr), çəkisi 350 kiloqrama yaxın olacaq. Bu, dünyada ən hündür və ən böyük bayraq olacaq.